“İcbari tibbi sığorta sisteminin əsas məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir”
Yenicag.az xəbər verir ki, bu sözləri Salyan Rayonu xəstəxanasının baş həkimi Ramin Qasımov deyib.
O bildirib ki, icbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir:
“Bu sistemin məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Ona görə bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. İcbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin yaradır”.
Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımovun dediklərinə görə, bütün bu qeyd edilənlərlə yanaşı, icbari tibbi sığorta vətəndaşlara xəstəliklərin erkən aşkar olunması, xroniki xəstəliklərin ağırlaşma faizinin aşağı enməsi, ümumi olaraq isə pasientlərin mövcud xəstəliklərinin fəsadlaşma və ya proqressivləşmə ehtimalını aşağı salacaq:
“Təmənnasız tibbi xidmət artıq poliklinik xidmətdə geniş aktivliyə səbəb olub. Hər gün yüzlərlə, minlərlə vətəndaş sığortalı kimi TƏBİB xidmətlərindən istifadə edir. Belə ki, vətəndaşlar həm planlı, həm dövrü müayinəyə böyük həvəslə gəlir. Təcili tibbi xidmətin də bu sistemə əlavə olunması və sığorta prosesinin demək olar ki, dövlət-özəl sektorunu tam əhatə etməsi isə tam vətəndaş məmnunluğuna səbəb olmuş, tibbi heyətin geniş spektrli müayinələr aparmasına şərait yaratmışdır.
Gələcəkdə baza zərfi daha da genişləndiriləcək və xidmətlər daha çox çeşidli olacaqdır”.
www.yenicag.az