!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tik-Tok”dakı şəhid xəbərləri və yaxud gerb altındakı YALAN – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Son üç gündür ki, Ermənistan ordusu atəşkəsi pozur. Azərbaycanda bunun səbəbləri barədə müxtəlif iddialar ortaya atılıb. Bəziləri deyir ki, bu revanşistlərin işidir, bəziləri deyir, xarici qüvvələrin. Ermənistan ordusunun Rusiyaya bağlı qüvvələrdən təmizlənməsi üçün çoxlu tədbirlər görülüb. Hətta ABŞ və Fransa nümayəndələri də Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərirlər.

O zaman belə bir sual yaranır: 3 gün ardıcıl atəşkəs pozulur və Paşinyan hökumətinin bundan xəbəri yoxdur? İcazə verin, sizin sülh göyərçini kimi təqdim etdiyiniz Paşinyana müqəvva kimi baxım. Bir güllənin atılması təsadüf ola bilər. Əsgər darıxdığından macəra axtarışında ola, yaxud içkidən şirə dönüb əlin tətiyə ata bilər. Müharibədən əvvəlki dönəmdə bunun dəfələrlə şahidi olmuşuq. Ancaq 3 gün ardıcıl bu baş verirsə, burda təsadüfi heç nə ola bilməz.

Atəşkəsin pozulmasına reaksiyalar da qəribədir. Mətbuatın manşetlərini bu xəbərlər bəzəsə də, sosial şəbəkələrdə, demək olar, müzakirə olunmur. Əvəzində şayiələr meydan sulayır. Şəhid, çoxlu sayda şəhid, hətta həddən artıq şəhid verilməsi barədə, xüsusilə “TikTok”da məlumatlar tirajlanır. Xüsusilə əsgər valideynləri yazıb soruşurlar, narahatlıqlarını dilə gətirirlər. Azərbaycanda qəribə adət-ənənə var, ancaq rəsmi xəbərlərə etibar edilməsi yönündə çağırışlar edilir. Hətta dövlət qurumlarının bu çağırışına bəzi jurnalistlər də qoşulurlar. Şəhid xəbərləri tirajlanır, ancaq bunun olub-olmaması ilə bağlı rəsmi açıqlama yoxdur. Rəsmi qurumların mövqeyinə görə açıqlama yoxdursa, şəhid də yoxdur. Olmaz ki, bu cür xəbər çıxan kimi dərhal həmin rəsmi qurumlar, çıxıb bəyanat versinlər ki, yalandır, etibar etməyin? Müdafiə Nazirliyi heç saytında verməsin, sosial şəbəkə hesablarında 3 cümlə yazmaq bu qədər çətindir? Şəhidlərlə bağlı xəbərləri, hətta adları, fotoları araşdırmışam, bunların hamısı illərin xəbərləridir, sadəcə indi yayılır.

Başqa diqqətçəkən məqam isə bu xəbərləri yayanların profil fotolarında Azərbaycan gerbi olmasıdır. Oxuyan şəxs yazanın kimliyinə, hətta hansı ölkədən bunu etdiyinə baxmır, o gerbin olması belə müəyyən mənada insanlara təsir edir. Yerə siqaret çəkib atana qarşı aparılan mübarizənin 5 faizi bu tip şeylərə həsr olunsa, bu qədər panika, bu qədər stress də olmaz. Deyirlər, vətəndaşlar bu tip məsələlərə inanmasınlar. Qarşı tərəf inanması üçün əlindən gələni edir və nəzərə almaq lazımdır ki, hətta peşəkarlar belə bəzən bu tip şeyləri ayırd etməkdə çətinlik çəkir. Ona görə də oxucunu, izləyicini qınamaq, onu məzəmmət etmək doğru deyil.

Azərbaycan açıq-aşkar informasiya və psixoloji müharibə ilə üz-üzədir. Biz yalan olan şəhid xəbərlərinə bəzən sıradan bir şey kimi baxırıq. Qarşı tərəf şəhid xəbəri yayır, bir qədər sonra məlum olur ki, əslində, bu xəbər yalandır. Buna heç nə kimi baxmalıyıq? Bir yalan xəbərlə cəmiyyət stress yaşayırsa, az şeydir? Başqa nə olmalıdır?

Bir neçə gündür erməni əsgərinin səngərdən qurşağına qədər çıxıb Azərbaycan əsgərlərinə qarşı təhqirlər yağdırması, zibil atması tirajlandı. Bunun adın qoyduq təxribat. Bəli, erməni əsgəri təhrik edir, ancaq bunun başqa mənaları da var. İllərlə təmas xəttində olmuş biri kimi deyirəm ki, bir əsgərin ani bir səhvi onun həyatı bahasına başa gəlirdi. Ancaq bır sıxımlıq boğazı olan erməni əsgəri nəinki başın çıxarır, qurşağına qədər səngərdən çıxır, söyür, zibil atır. Bəziləri deyir ki, içkili olub. Belə bir deyimimiz var: “babam öldü, nə fərqi var, ya zəlzələdən, ya vəlvələdən”. İçkidən, narkotikdən, fərqi yoxdur, əsgər niyə o qədər çıxmalıdır? O əsgərin başının üstündən iki güllə keçsə, o bir də bu addımı atardı? Erməni əsgərindəki o arxayınlığın səbəbi nədir? Dünənə qədər şillə-təpiyin qorxusundan postda dura bilməyən əsgər necə olur ki, o videodakı kimi davranır,? Qətiyyən başa düşə bilmirəm. Sözügedən videonu paylaşanlar təxribatı ön plana çıxarırlar, doğru, ancaq bu təxribat deyilən şey qarşı tərəfin cəmiyyətində necə hiss yaradır onu da düşünmək lazımdır.

İddialar var ki, hərbi əməliyyatlar baş tuta bilər. Bu məsələdə cəmiyyətin reaksiyası isə bir qədər fərqlidir. Cəmiyyətdə Zəngəzura Qarabağ müharibəsi kimi yanaşmaya çox az rast gəlinir. İdeoloji boşluq açıq şəkildə görünür. İmperiyalar qurmaq üçün öncə imperialist düşüncədə olmaq lazımdır. Böyük işlər görmək üçün böyük düşünmək lazımdır. Bu sualın da cavabını tapmaqda fayda var: ermənilər çox imperialist düşüncədədir, yoxsa azərbaycanlılar?

Ermənilər əllərinə düşəcək ilk fürsətdə müharibə edəcək, işğala cəhd göstərəcək, azərbaycanlılar isə müharibə olmasın, sülh şəraitində yaşayaq tərəfdarıdır. Əslində, bunun da müxtəlif səbəbləri var. Misal üçün illərdir cəmiyyətin beyninə yeridiblər ki, ancaq kasıbın balası döyüşür. Türkiyədə şəhidlərin hansı evlərdən çıxdığına baxırsan, bayrağı alan ataların əllərinin qabarına baxırsan, bizimkilər ilə bir fərqi var? Guya ruslarda fərqli mənzərə var? Vətən kasıblar üçündür. Vətən elə bir məfhumdur ki, o, almaq (can, qan) lazım olanda kasıbı çağırır, vermək (pul, para, qazanc) lazım olanda fürsətçilər meyl edir.

Bu regionda var olmağın yolu böyük düşünməkdən keçir. Əlində olanla kifayətlənmək məhvin başlanğıcı olacaq…

Səxavət Məmməd

www.yenicag.az

138
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv