Tanınmış aparıcının XOŞ GÜNÜ: “Xəzərin sahilindən...” 10 illik zəhmətimin bəhrəsidir” - FOTOLAR
22 iyul Mətbuat günü ərəfəsində tanınmış teleaparıcı Fəxriyyə Lilpar uzun illərin bəhrəsi olan “Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabını oxuculara təqdim edib.
Tanınmış mədəniyyət, incəsənət xadimlərini, media mənsublarını və ziyalıları başına cəm edərək təqdimat mərasimi keçirən aparıcı təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Uzun illərin nəticəsi… Artıq 10 ildir müəllifi və aparıcısı olduğum, ölkə teleməkanında bədii-publisistik proqramlar çərçivəsində ərsəyə gələn “Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabını işıq üzü gördü. Bununla da tele-layihə oxucularına 10 illik hesabatını verdi. Əlbəttə ki, uzun illərin əl əməyi və göz nuru… Bir sənətşünaslıq üzrə fəlsəfə doktoru olaraq “Müasir Azərbaycan teleməkanında incəsənət proqramlarının yaradıcılıq problemləri” mövzusunu AMEA-da elmi müzakirədən keçirib bu elmi statusu almaq həyatımın məsul vəzifələrini artırdı. Artıq təkcə vizual deyil, həm də virtual sferada tamaşaçı, oxucu görüşünə gəlmək kimi bir missiyam oldu”.
İnteraktiv formatda hazırlanan kitabda yer alan hər bir müsahibənin önündə xüsusi QR kod yerləşdirilib. Oxucu həmin kod vasitəsilə birbaşa “YouTube” platformasına keçərək müsahibənin televiziya versiyasını izləyə bilir. Beləliklə, kitab həm oxu materialı, həm də audiovizual yaddaşla canlı bağlantı yaradan çağdaş informasiya resursuna çevrilir:
Aparıcı kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə minnətdarlıq edib:
“Mütəxəssislərin fikrincə, bu yanaşma Azərbaycanda çap məhsullarının rəqəmsal imkanlarla zənginləşdirilməsi yönündə uğurlu örnəklərdən biridir və kitabı klassik nəşr çərçivəsindən çıxararaq çoxformatlı mədəni layihə səviyyəsinə yüksəldir.
“Bu yolda dəstək olan bütün insanlara öz sonsuz təşəkkürlərimi bildirirəm. Akademik, AMEA-nın prezidenti İsa Həbibbəyli verilişin tamaşaçısı olduğunu və onu da bəyəndiyini bildirərək elmi məsləhətçisi oldu. Ön söz müəllifi dəyərli ziyalımız, hər zaman verilişlərimi müsahib kimi zənginləşdirən ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynova, elmi redaktoru uzun illər fəaliyyətimin, ruhumun, hisslərimin, varlığımın tərcümanı, kitabın ərsəyə gəlməsində müstəsna xidməti olan ölkənin özbəkşünas alimi, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, rəyçiləri hər zaman öz xeyir-duası ilə yoluma çıraq olan ağsaqqalımız Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Mətbuat Şurasının sədri Rəşad Məcid və məsul redaktor isə Könül Ələsovadır”.

Cəvahir













