“Əslində, Çinin qlobal iqtisadiyyatda əldə etdiyi uğurlar həm də texnologiya sahəsində özünü göstərir. Çin həm avtomobil, həm də müxtəlif texnoloji yeniliklərin istehsalında böyük uğurlar əldə etməkdədir. Eyni zamanda, “TikTok” sosial şəbəkəsi demək olar ki, dünyanı əhatə edib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, Avropa Komissiyası tərəfindən Aİ-də “TikTok”un bloklanması bağlı çağırışların pərdəarxası məqamlarına münasibət bildirib.
İ.Hüseynov söyləyib ki, həm əyləncə, həm də müxtəlif maraqlı kontentlərin hazırlanması istiqamətində “TikTok” bu gün digər platformaları arxada qoyur:
“Baxmayaraq ki, bu, Qərbin maraqları çərçivəsində deyil. Şübhəsiz ki, sosial şəbəkələrin əsas məqsədi həm də məlumatların öyrənilməsi, onların analizi və marketinq axtarışları sahəsində tətbiq olunmaqdadır. Bu baxımdan, sanki məlumatların Çinə ötürülməsi, insanların maraq dairələrinin öyrənilməsi əl dəyişdirir ki, Çin də burada dünya hegemonluğunu ələ keçirməkdədir”.
Onun sözlərinə görə, bu gün “TikTok”a qarşı müxtəlif spekulyasiya və kampaniyalar başlanıb.
“Bu həm də “TikTok”un sahibi olduğu Çinə qarşı olan müqavimət kimi də göstərilməkdədir.
Bundan əlavə, Avropa Komissiyası üzvlərinin “TikTok”a girişinin qadağan edilməsi ilə bağlı məhdudiyyətlər daha geniş dalğanı bürüyəcək. Həmçinin ayrı-ayrı ölkələrdə də “TikTok”a qarşı müxtəlif müqavimət kampaniyaları başlanıb.
Eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin (STM) ölkəmizdə keçirdiyi sorğuda respondentlər “TikTok”a qarşı məhdudiyyətlərin tətbiqinə dair çağırış ediblər”, – deyə o bildirib.
“Biz bu məsələni ümumilikdə qlobal miqyasa köçürsək, deyə bilərik ki, Rusiya-Çin münasibətlərinə qarşı da “TikTok”dan geopolitik bir alət kimi istifadə edirlər. Qərb çalışır ki, Rusiya-Çin münasibətlərinin arasına girsinlər, eləcə də Çinin bütün sosial sahələrdə əldə etdiyi uğurlara, o cümlədən “TikTok” sosial şəbəkəsinə qarşı həyata keçirilən kampaniya burada özünü göstərməkdədir. Bu gün həm Çinə qarşı Tayvanın dəstəklənməsi, həm də İsrail və Ukraynaya ABŞ-nin böyük maliyyə vəsaiti ayırması halı da mövcuddur. Məhz Çinə “TikTok”la bağlı edilən basqılar həm də Pekinin Rusiyanın dəstəkləməsinə qarşı olduğunu deyə bilərik”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “TikTok”un Avropa İttifaqında bloklana biləcəyini deyib. O, Avropa Komissiyasının dünyada işçilərinə iş telefonlarına “TikTok”u quraşdırmasını qadağan edən ilk təşkilat olduğunu xatırladıb.
Xatırladaq ki, bir sıra analitiklər “TikTok” sosial şəbəkəsinin Aİ ölkələrində bloklanması çağırışlarını Çinin Rusiyaya qarşı sanksiyalar fonunda Moskvaya dəstəyinə cavab olaraq qiymətləndiriblər.
Rafi Müslümov
www.yenicag.az