Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.
Buna isə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycandan 5 atletin – Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq), Nizami Paşayev (94 kq), Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Bu isə o deməkdir ki, Azərbaycan 28 noyabr – 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatından kənarda qalacaq. Sözügedən qərar oktyabrda qüvvəyə minəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov məhz dopinq qalmaqalına görə istefa verib.
O, bu barədə sosial şəbəkədə status yazsa da, iş adamı sonradan qərarını dəyişərək paylaşımını silib.
“İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı” deyən Tofiq Heydərovun bu dəfə hansı qərar verəcəyi maraqla gözlənilir.
www.yenicag.az