“Başa düşdülər ki, Nazarbayevin əsasını qoyduğu dövlət siyasətinin dəyişdirilməsi ölkənin mövcudluğunu təhlükə altına alır”.
Bu fikirləri Qazaxıstan prezidenti Qasım Cömərd Tokayevin ölkədə bu ilin payızında növbədənkənar prezident seçkiləri keçirmək haqqında qərarını şərh edən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, Qazaxıstanın milli ziyalı təbəqəsi, cəmiyyətin böyük kəsimi, o cümlədən Nazarbayev tərəfdarları da bu prosesdə Tokayevə dəstək verəcəklər:
“Bildiyiniz kimi, Qazax Elində bu ilin yanvarında baş verən olaylardan sonra ölkənin keçmiş prezidenti, türk dünyasının ağsaqqalı sayılan Nursultan Nazarbayevin əleyhinə geniş kampaniya başladıldı.
Onun vaxtında vəzifəyə irəli çəkilən şəxslər işdən çıxarıldı, onlarla iş adamı müxtəlif formalarda cəzalandırıldı, hətta Nazarbayevin şərəfinə adandırılmış Nur-Sultan şəhərinin adının dəyişdirilməsinə cəhd göstəsrildi.
Lakin Qazaxıstanın mövcud rəhbərliyi, prezident Tokayev bu kampaniyanın ölkənin zərərinə olduğunu başa düşdü. Həm kampaniya dayandırıldı, həm də KTMT qoşunları adından ölkəyə yeridilən Rusiya hərbi kontingentinin çıxarılmasına nail oldular. Nəticədə Qazaxıstan yenidən toparlanmağa başladı.
Təbii ki, bu gediaştda Türkiyə ilə, həmçinin Azərbaycan və digər türk dövlətlərinin başçıları ilə aparılan müzakirələrin də böyük rolu oldu. Başa düşdülər ki, Nazarbayevin əsasını qoyduğu dövlət siyasətinin dəyişdirilməsi ölkənin mövcudluğunu təhlükə altına alır. Müsbət haldır ki, bunun qarşısı alındı.
Tokayevin erkən seçkilərə getmək qərarı verməsinin əsas səbəbi bu ola bilər ki, o, yanvar olaylarından sonra öz legitimliyinin xalq tərəfindən dəstəkləndiyinə bir daha əmin olmaqda, bunu nümayiş etdirməkdə maraqlı görünür.
Hesab edirəm ki, Qazaxıstanın milli ziyalı təbəqəsi, cəmiyyətin böyük kəsimi, o cümlədən Nazarbayev tərəfdarları da bu prosesdə Tokayevə dəstək verəcəklər”.
A.Zeynalov
www.yenicag.az