Tramp: “Putinlə görüşümün ilk 2 dəqiqəsində anlaşma olub-olmayacağını anlayacağam” – VİDEO
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilməsi planlaşdırılan görüş öncəsi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, görüşün Alyaskada baş tutmasına baxmayaraq iki dəfə “Rusiyaya gedəcəyəm” ifadəsini işlədən Tramp “Putinlə görüşümün ilk 2 dəqiqəsində anlaşma olub-olmayacağını anlayacağam” deyib.
Tramp bildirib ki, səfərinin məqsədi mövcud parametrləri görməkdir:
“Görüşdən sonra Zelenski və Avropa liderlərinə “uğurlar” deyə bilərəm, ya da müsbət keçərsə, hansı anlaşmanın mümkün ola biləcəyini izah edərəm”.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin “torpaq mübadiləsi” üçün konstitusiya təsdiqi tələb olunduğu barədə bəyanatını tənqid edərək deyib:
“Savaşa girib hamını öldürmək üçün səlahiyyəti var, amma sülh üçün yoxmuş”.
Tramp həmçinin vurğulayıb ki, əsas məsələ Putin və Zelenskinin bir araya gəlməsidir:
“Anlaşmanı bağlamaq mənə yox, bu iki ölkəyə bağlıdır. Mən atəşkəsin tərəfdarıyam. Əgər mənim orada olmağımı istəsələr, olaram”.
Putinin xüsusi nümayəndəsi Kiril Dmitriev isə sosial şəbəkədə yazıb:
“Putin-Tramp dialoqu ümid, sülh və qlobal təhlükəsizlik gətirəcək”.
Digər tərəfdən, ABŞ vitse-prezidenti Cey Di Vens Böyük Britaniyada ukraynalı və avropalı rəsmilərlə görüşüb. Qərb liderləri təcili atəşkəsin təmin olunmasının vacibliyini və Ukraynanın heç bir ərazidən imtina etməməli olduğunu bildirib.
ABŞ mediasının məlumatına görə, Putin Ukraynanın Luqansk və Donetsk vilayətlərini verməsini istəyir, Xerson və Zaporojyedən isə geri çəkilmək niyyətində deyil. Rusiya lideri bu bölgələrdə mövcud mövqelərin “dondurulmasına” razı olduğunu bildirib. Zelenski isə ərazi güzəştlərinin onun “qırmızı xətti” olduğunu vurğulayaraq deyib:
“Kiyev olmadan qəbul edilən hər bir qərar ölü qərar olar”.