ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə nümayəndələr vasitəsilə ünsiyyət qurduğunu və iki ölkə arasında əməkdaşlıq üçün ümumi dil tapacaqlarına əmin olduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Tramp Çin liderini “güclü və hörmətli bir şəxsiyyət” kimi xarakterizə edərək, onun Çində böyük nüfuza malik olduğunu vurğulayıb. Prezident bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq üçün “ikitərəfli bir yol” tələb olunur:
“Düşünürəm ki, biz çox yaxşı nəticələr əldə edəcəyik, lakin bunun qarşılıqlı bir proses olduğunu anlamaq lazımdır”.
Tramp, həmçinin Çini ABŞ-ni iqtisadi cəhətdən “soymaqda” ittihamlarını təkrarlayıb.
Çin Xarici İşlər Nazirliyi isə Trampın açıqlamalarını diqqətlə izlədiyini və iqtisadi-ticarət əlaqələrinin sabit, sağlam və davamlı inkişafına töhfə verməyə hazır olduğunu bildirib. Bununla belə, nazirlik Tramp və Si Cinpin arasında birbaşa ünsiyyətin olub-olmadığını təsdiqləməyib, lakin Vaşinqton və Pekin arasında əlaqələrin müxtəlif kanallarla təmin edildiyini qeyd edib.
Xatırladaq ki, Tramp ABŞ-yə daxil olan Kanada, Meksika və Çindən mallara rüsum tətbiq edəcəyini və bunu ABŞ-nin iqtisadi maraqlarını qorumaq məqsədilə edəcəyini bildirib. O, xüsusilə Çindən daxil olan narkotik vasitələrin, o cümlədən fentanilin axını ilə bağlı çoxsaylı müzakirələrin aparıldığını, lakin nəticələrin qənaətbəxş olmadığını deyib. Bu açıqlamalardan sonra Çinin ABŞ-dəki səfirliyinin nümayəndəsi Liu Penqyu xəbərdarlıq edib ki, potensial ticarət müharibəsində nə ABŞ, nə də Çin qalib gələcək.
www.yenicag.az