Trampın “Juventus” JESTİ: Yumşaq güc, sərt siqnallar və Yaxın Şərqə PARALEL MESAJ
ABŞ prezidenti Donald Trampın Oval Ofisdə İtaliyanın “Juventus” futbol klubunun nümayəndələrini qəbul etməsi sıradan bir idman protokolunu xatırlatsa da, əslində, bu görüntünün arxasında çoxqatlı siyasi mesajlar yatır. Vizual sadəliklə örtülmüş bu jest qlobal güc mərkəzləri arasında strateji mövqe tutma yarışında psixoloji və informasiya müharibəsinin bir parçası kimi çıxış edir.
Hər kəsə bəllidir ki, “Juventus” klubunun arxasında dayanan italyan Aqnelli ailəsi təkcə İtaliya biznes dairələrinin simvolu deyil, həm də Avropanın ABŞ-yə ən yaxın dayanan maliyyə-ideoloji klanlarından biridir. Onların nəzarətində olan media imperiyası (“The Economist”, “La Stampa”), sənaye nəhəngləri (“Fiat”, “Ferrari”) və bankçılıq strukturları bu ailəni Qərb üçün sadəcə bir iqtisadi oyunçu yox, həm də siyasi kontur formalaşdıran mexanizmə çevirib. Oval Ofisdə Aqnellilərin nümayəndələrinin görünməsi Vaşinqtonun Avropa iqtisadi elitasına “biz hələ də birlikdəyik” mesajı verməsidir. Bu, Avropa ilə ABŞ arasında sarsılan strateji əlaqələrin “arxa kanallar” vasitəsilə bərpası təşəbbüsüdür və Tramp bu görüntü ilə bu istiqamətdə özünü həlledici fiqur kimi təqdim edir.
Onu da deyim ki, bu görüş təsadüfi zamana düşməyib. Doğrudur, sözdə “Juventus” təmsilçilərinin FIFA Klublararası Dünya Çempionatında iştirak etmək üçün ABŞ-yə səfəri çərçivəsində Trampın onları qəbul etdiyi deyilsə də, məsələnin alt qatında yatan mahiyyət çox fərqlidir. İsrailin İranda həyata keçirdiyi ardıcıl hava hücumları, nüvə obyektlərinə qarşı intensivləşən zərbələr və İranda rejim daxilindəki çaxnaşmalar ABŞ-nin regionla bağlı yeni strategiyasının formalaşdığını göstərir. Trampın futbolçuları arxasına alaraq verdiyi mesaj isə üzdə hər nə qədər anormal görünsə də, alt qatlarda bu prosesin artıq ictimai rəyə ötürülməsi mərhələsinə keçdiyini göstərir.
Əgər İsrail-İran qarşıdurması gələcək aylarda yeni bir mərhələyə keçərsə – məsələn, Xameneiyə qarşı yönəlmiş bir sui-qəsd və ya İran daxilində rejim dəyişikliyi təşəbbüsü – Trampın bu görüntüsü retrospektiv olaraq “öncədən xəbərdarlıq edilmiş” strateji jest kimi oxunacaq. Odur ki, “Juventus” ilə görüş yumşaq güc deyil, əksinə, bu, kodlaşdırılmış siyasi mesajdır. Tramp bu foto ilə, əslində, “Avropanın əsas iqtisadi və media dayaqları yenidən mənim arxamdadır və biz növbəti mərhələyə hazırıq” mesajını verir desəm, yəqin ki, yanılmarıq. Çünki bu, yalnız ABŞ-İran münasibətləri üçün deyil, həm də Avropanın yaxın perspektivdə hansı geosiyasi orbitə çəkiləcəyini göstərmək baxımından əhəmiyyətlidir.
Son aylarda İran lideri Ayətullah Seyid Əli Xameneinin fiziki hədəf kimi göstərilməsi də artıq konspirasiya yox, real siyasi ssenari kimi müzakirə olunur. Onun aradan götürülməsi İran daxilində sistemin özəyinin çökməsi demək olacaq və bu, regionda domino effekti yarada bilər. ABŞ, Aqnelli ailəsinin simasında Avropa ilə birlikdə bu prosesə əvvəlcədən koordinasiya olunmuş hazırlıq görüntüsü verir.
Qısası, Trampın “Juventus” nümayəndələri ilə indiki mərəhələdi görüntüsü sadəcə bir mesajdır: Qərb, İranın qarşıdakı böhranında lider boşluğu və geosiyasi vakuum yaranacağı təqdirdə, artıq daxili siyasi konsensusunu formalaşdırıb və sabitlik siqnalını öncədən ötürür. Bu da “sərt siqnal, yumşaq şəkil” formulunun peşəkar şəkildə həyata keçirildiyi yeni dövr diplomatiyasının parlaq nümunəsidir.
Rafi Müslümov