Trampın “Patriot” planı: ABŞ Ukrayna müharibəsindən gəlir götürmək İSTƏYİR
“ABŞ administrasiyası Ukraynaya yardımı artırmaq niyyətindədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Politoloq ABŞ prezidenti Donald Trampın bu gün verdiyi açıqlamaları, xüsusən də Rusiya prezidenti Vladimir Putin haqqında işlətdiyi ifadələri şərh edib:
“ABŞ Prezidenti Donald Trampın verdiyi bu açıqlamalar Vaşinqtonun Ukraynaya münasibətdə həm siyasi, həm də iqtisadi yanaşmasının əsas konturlarını ortaya qoyur. Tramp silah tədarükünü sadəcə hərbi yardım kimi deyil, ABŞ üçün gəlir gətirən bir biznes prosesi kimi təqdim edir. “Patriot” sistemləri də daxil olmaqla müasir silahların Kiyevə göndəriləcəyini vurğulayan Tramp bu yardımların maliyyə yükünün Avropa İttifaqının üzərinə düşəcəyini bildirir. Bu, onun siyasi xəttində ABŞ vəsaitlərinin xarici əməliyyatlara xərclənməsinin əleyhinə olan mövqeyi ilə uyğunluq təşkil edir”.
Onun sözlərinə görə, Tramp Putini birbaşa hədəfə almadan, lakin onun davranışlarını “gündüz normal, axşam bombalayan” kimi xarakterizə etməklə həm Rusiya liderinə qarşı tənqid yönəldir, həm də diplomatik manevr üçün özünə yer saxlayır:
“Bu yanaşma, Trampın əvvəllər də göstərdiyi ticarətə əsaslanan xarici siyasət yanaşmasının yeni mərhələsidir: təhlükəsizlik – əgər başqaları onun pulunu ödəyirsə. Trampın “biz göndərəcəyik, amma ödənişi onlar edəcək” prinsipi ABŞ-nin NATO daxilindəki yük bölgüsünə dair köhnə iradlarının davamı kimi görünür. O, NATO Baş katibi ilə görüşə də toxunaraq, bu məsələnin yalnız Ukrayna yardımı ilə məhdudlaşmadığını, daha geniş strateji razılaşmaların gündəmdə olduğunu bildirir”.
Politoloq qeyd edib ki, ABŞ Ukraynaya hərbi yardımları davam etdirmək niyyətindədir:
“Hazırda ABŞ administrasiyası Ukraynaya yardımı artırmaq niyyətindədir. Bu, həm Rusiya qarşısında güc balansını saxlamaq, həm də Avropa müttəfiqlərindən daha konkret iqtisadi töhfələr almaq üçün bir vasitə kimi istifadə olunur. Tramp açıq şəkildə bildirir ki, bu yardımın əvəzində ABŞ iqtisadi fayda götürməlidir və bu modelin gələcəkdə də tətbiq olunacağını istisna etmir”.
Z. Qarayeva düşünür ki, ABŞ Ukraynanın xeyrinə açıqlamalar verməklə Putinə təzyiq etməyə çalışır:
“Bu yanaşma onu göstərir ki, Tramp administrasiyası üçün Ukrayna məsələsi yalnız təhlükəsizlik problemi deyil, həm də xarici siyasət vasitəsilə gəlir əldə etmə fürsətidir. Eyni zamanda, bu siyasət Putinə təzyiq forması kimi də çıxış edir – ya Rusiya daha yumşaq siyasət yürüdəcək, ya da ABŞ və tərəfdaşları daha müasir və ölümcül texnologiyaları Ukraynaya ötürməklə Kremlə qarşı yeni mərhələyə keçəcək”.
Nurlan Cəfəri