“ABŞ-nin yeni seçilmiş 47-ci prezident Donald Tramp adiyoz bir fiqur və qeyri-səlis məntiqlə hərəkət edən bir insandır. Ona görə də ondan hər hansı bir fors-majoru gözləmək olar. Çünki birinci prezidentliyi dövründə də (2016-2021) atdığı addımlar çox qəribə idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, ABŞ-nin yeni seçilmiş 47-ci prezidenti Donald Trampın 2025-ci ildə Birləşmiş Ştatlarda həyata keçirəcəyi siyasəti və bu siyasətin regional təsirlərini şərh edib.
Analitik xatırladıb ki, Tramp birinci prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı olaraq tanıdı və bununla da beynəlxalq münasibətlər sistemində böhrana səbəb oldu:
“Hətta bununla bağlı bir sıra müsəlman ölkələri, o cümlədən Azərbaycan da Şərqi Qüdsün İsrailin deyil, Fələstinin paytaxtı olduğuna dair bəyanatlar verdilər. Eyni zamanda, Trampın mqirantlarla bağlı olan mövqeyi də onun və ətrafının kripto-radikal dindarlığı ilə əlaqəlidir. Çünki hazırda ABŞ-nin siyasi səhnəsində daha çox “şahinlər” və radikal qismi təmsil edən insanların böyük bir hissəsi bəzi radikal-xristian cərəyanların üzvləridirlər. Bu təmsilçilərin arasında, eləcə də ağ insanın üstünlüyü ilə bağlı fikirlər də kifayət qədərdir”.
“Ona görə də ABŞ-də həm miqrantlara qarşı sərt mövqe göstərilir, həm də ölkə rəhbərliyinə gələn şəxslərin özlərinin kimlikləri də qəribəlik təşkil edir. Hətta Birləşmiş Ştatlarda Tanrı tərəfindən seçilmiş hansısa bir xalqın aliliyinin qorunması ilə bağlı qanunun qəbul edilməsi haqqında təkliflər də irəli sürülüb. Bütün bunlar onu göstərir ki, Tramp hakimiyyətdən gəldikdən sonra müəyyən radikallıqlar olacaq”, – deyə o, əlavə edib.
Siyasi ekspert düşünür ki, ABŞ bir dövlətdir və onun bu cür davranmasının səbəblərindən biri onu ayaqda saxlayan maliyyə oliqarxiyasının dəstəyini almaqdır:
“Lakin siyasilər hakimiyyətə gəldikdən sonra tam olaraq iddia etdiyi radikal addımlarını ata bilmir. Çünki dövlət bir strukturdur və onun daxili-xarici təhlükəsizliyi mövcuddur. Amma burada kifayət qədər radikallıq görəcəyik. Hətta Tramp birinci dəfə prezident olanda İranla bağlı atdığı addımları da çox radikal idi. Hətta ABŞ ilə İran arasındakı nüvə razılaşmasını birtərəfli ləğv etməsi Trampın radikal addımlarından biri idi”.
Politoloq əlavə edib ki, Tramp simpatiya və antipatiyalarını qəti şəkildə gizlədən siyasətçi deyil:
“Məsələn, o, Səudiyyə Ərəbistanı kralına demişdi ki, siz bizə görə hakimiyyətdəsiniz. Yəni bu adam öz fikirlərini çox açıq söyləyir deyə kifayət qədər problemi bir dövrə qədəm qoyduğumuz bəllidir. Lakin Tramp indi nə qədər istiotlu danışsa da, reallığa oturduğu zaman başqa məsələlərlə üzləşir. Tramp da təcrübəli insandır və ABŞ-yə bir dəfə rəhbərlik edib. O bilir ki, bəyanatların istiotu hakimiyyətə gələndən sonra istər-istəməz azalır”.
Həmsöhbətimiz düşünür ki, Trampın atacağı əsas addımlardan biri də Türkiyəyə təzyiq olacaq:
“Çünki Tramp istəyəcək ki, Türkiyə vasitəsilə Yaxın Şərqdəki asimmetrik oyunçular ya sülh getsinlər, ya da tamamilə ortadan qalxsınlar. Eləcə də o, ərəb ölkələrinə təzyiq edəcək ki, İranla mübarizəsində ona ciddi kömək etsinlər. Bundan başqa, miqrant axınının tam qarşısını ala bilməsə də, miqrantlara rənginə görə baxılma siyasəti yürüdüləcək. Çünki ABŞ-nin özü belə miqrantların qurduğu bir ölkədir. Odur ki, miqrantların tamamilə qarşısının alınması ABŞ-nin yaşam strategiyasına uyğun deyil”.
Rafi Müslümov
www.yenicag.az