Turistlər üçün pasportsuz gediş-gəliş…-Azərbaycanda
Eldar Aslanov: “İndiki şəraitdə bunun tətbiqi…”
Türkiyə xarici işlər naziri Çavuşoğlu bildirib ki, ölkəsi turizmin inkişafı üçün pasportsuz gediş-gəliş sistemini tətbiq edəcək. Bildiyimiz kimi Türkiyə iri turizm ölkəsidir. Bu ölkənin büdcəsinin formalaşmasında turizm sektorunun əhəmiyyətli yeri vardır. Görünür pasportsuz rejimi yaratmaqla Türkiyə turist axınının daha da gücləndirilməsini hədəfə alıb.
Bu mənada görəsən, Azərbaycanda da qardaş dövlətdə olduğu kimi turizm sektorunda pasportsuz rejimi tətbiq etmək olarmı?
Turizm Universitetinin prorektoru Eldar Aslanov hazırkı şəraitdə belə bir addımın ölkəmizdə də atılmasını məqbul bilmədi: “Azərbaycan hazırda elə bir geopolitik vəziyyətdədir və ölkəmizə qarşı Ermənistanın ərazi iddialarının, torpağımızın 20 faizinin işğal altında olduğu indiki şəraitdə pasportsuz gediş-gəlişin tətbiqini çox problematik görürəm. Amma sülh şəraiti bərqərar edilərsə, ərazi bütövlüyümüz bərpa olunarsa, pasportsuz gediş-gəliş nəyə görə də olmasın. Azərbaycan tolerant ölkədir və ölkəmizə qonaq kimi gələn hər bir şəxsin üzünə açıq olmalıdır. Ümumi qonşuları, regionda gedən prosesləri nəzərə alsaq, Azərbaycanda da stabilliyi pozmaq, ölkəmizdə süni gərginlik yaratmaq üçün bəhanə axtaran qüvvələrin olduğu məlumdur. Dünya ictimaiyyətinə bir nəzər salanda bunu açıq-aydın görürük. Azərbaycanın hazırkı turizm imkanları elə bir vəziyyətdədir ki, indilikdə belə şok addımlar atmaq səviyyəsinə çatmamışıq. Ölkəmizdə hələlik turizm potensialı inkişaf etdirilir. Zaman sonralar bəlkə bu məsələyə gəlib çatdıq. Viza rejimini kifayət qədər şəffaflaşdırmışıq. Artıq elektron vizalar verilir. İstənilən bir vətəndaş, istənilən ölkədən rahatlıqla müraciət edə bilir. Bir çox ölkələrin səfirliklərində olduğu kimi, saatlarla, günlərlə qapılarda gözləmək problemimiz yoxdur. Ona görə istənilən adam rahatlıqla gəlib-gedə bilər. Burada bir problem görmürəm. Qonşu Türkiyənin iqtisadiyyatı turizmdən çox asılıdır. Bu sahədə infrastrukturu da kifayət qədər inkişaf edib. Türkiyənin bir qəsəbəsində olan yataq imkanları Azərbaycandakından çoxdur. Azərbaycanda cəmi 35 min yataq imkanı var, Türkiyədə isə bu milyonu keçib. Türkiyənin öz iqtisadiyyatında bu elementi daha da canlandırmaq üçün, dünyada gedən proseslərin fövqündə belə addımıarın atması məntiqlidir. Rusiya, Ukrayna problemi, Avropanın özündə iqtisadi çalxalanmalar qardaş ölkəni belə addımlar atmağa məcbur edir. Azərbaycan ərazisinin 20 faizi isə işğal altındadır. Hər gün cəbhə xəttindən təəssüf ki, acı xəbərlər eşidirik. Hər an ölkəmizə qarşı müxtəlif xoşagəlməz addımların atıldığını görürük. Azərbaycan ətrafında baş verən problemlərin indiki kritik vəziyyətində belə bir addıma getməməyimiz doğru olardı”.
Elçin/Yenicag.az