“Türkəçarə” öldürə bilər
Bir sıra xəstəliklərin müalicəsində ənənəvi təbabətdən daha çox türkəçarəyə inananlar az deyil. Hətta vərəm və ya xərçəng xəstəliklərinin çarəsini də “ot-ələf”də arayanlar var.
Fəqət alimlərin apardıqları son araşdırmanın nəticələri göstərir ki, balıq yağı və zəncəfil kimi ən populyar türkəçarə vasitələri əslində xərçəng xəstələri üçün çox təhlükəlidir.
Çünki bu ərzaqlar orqanizmdə dərman preparatlarının təsirinə maneələr yaradır.
Avstraliyanın Melburn şəhərindəki Piter MakKallum adına Xərçəng Mərkəzinin (Melbourne’s Peter McCallum Cancer Centre) hesabatında 10 qeyri-ənənəvi təbabət vasitələrinin adı çəkilir. Onlar balıq yağı, kurkuma, koenzim Q10, yaşıl çay, zəncəfil, laktobakteriyalar, astraqal, yeralması və reyşa göbələyidir.
Kiçik miqdarda bu nəsnələr zərərsizdir. Amma bioloji əlavələrdə onların konsentrasiysı çox olur.
Siyüahıdakı məhsulları qəbul edən xərçəng xəstəsi kimya terapiyası kursu keçirsə, effekt azalır, müalicə orqanizmi zəhərləyir. Üstəlik, dərman preparatlarının effektivliyi aşağı düşür. Türkəçarə metodlar xərçəng xəstəsinin şüa terapiyası vasitəsilə müalicəsinə də mənfi təsir edir.
(milli.az)