ABŞ dövlət katibi Reks Tillerson bu həftə Türkiyəyə səfər edəcək. Bildiyiniz kimi, hazırda Suriya məsələsində Vaşinqtonla Ankara arasında bir-birinə zidd baxışlar hökm sürür. ABŞ Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi Afrin əməliyyatına heç də yaxşı münasibət bəsləmir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı vediyi açıqlamada qeyd edib ki, gözləntilərini ABŞ-a açıq şəkildə bildiriblər: “Lazımı addımlar atılmalıdır. Müəyyən məsələləri müzakirə etməyimiz üçün iki tərəf arasında inam bərpa edilməlidir. Türkiyə heç bir dostuna qarşı səhv hərəkət etməz. Amma ABŞ-dan çox ciddi səhvlər gördük. Bizə verilən vədi tutmadılar. Tillersondan bunu istəyəcəyik. Əlaqələrimiz çox gərgin nöqtədədir. Ya əlaqələri düzəldəcəyik, ya da bu əlaqələri tamamilə pozacağıq”.
Bu mənada görəsən, Tillersonun sözügedən səfərindən nə gözləmək olar? Bu səfərdən sonra münasibətlər daha da soyuyacaq, yoxsa, yaxınlaşma əlamətlərini görəcəyik?
Məsələni Yenicag.az-a şərh edən politoloq Elşən Mustafayev düşünür ki, Tillersonun gəlişilə Ankara ilə Vaşinqton arasında mövcud olan gərginlik qarşılıqlı güzəştlər əsasında müəyyən qədər aradan qaldırılacaq:
“Son olaylar onu deməyə əsas verir ki, hər iki tərəf, həm Ankara, həm də Vaşinqton münasibətlərdəki soyuqluğu aradan götürməyə çalışır. Bilirsiniz ki, Suriya məsələsində Türkiyənin son illər həyata keçirdiyi siyasət ABŞ-ın siyasətilə üst-üstə düşmür. Afrin əməliyyatının başlanması belə ABŞ və Qərb dairələrində haqsız da olsa, narazılığa səbəb oldu. Türkiyə isə bu məsələdə israrlı olduğunu nümayiş etdirərək, əməliyyatı davam etdirməklə, hətta başqa ərazilərə keçəcəyini də bildirib. Ona görə də, bu məsələlərin ABŞ-la Türkiyə arasında ciddi müzakirəsinə ehtiyac yaranıb. Həmçinin, tərəflər təmas yaratmaqla əlaqələrin kəsilməməsinə çalışacaq. Türkiyə konkret olaraq özünə təhlükə hesab etdiyi terror qruplaşmalarının məhv edilməsini istəyir. Ona görə də, ABŞ-ı da bu məsələdə həmrəyliyə çağırır. ABŞ isə Türkiyənin əksinə olaraq PYD/YPG-ni terror qruplaşması kimi tanımır, hətta bir sıra hallarda onlara dəstək olur, silahlandırır. Münasibətlərdə yaşanan qarşıdurma da əsasən məhz bu amildən qaynaqlanır. Odur ki, Çavuşoğlu ilə Tillersonun müzakirə edərək ortaq məxrəcə gələcəkləri məsələlər həddən artıq çoxdur. Tillersonun Ankaraya səfəri gedişində bu məsələlərin hər birilə bağlı razılığın əldə ediləcəyinə inanmıram. Amma fikrimcə, müəyyən məsələlərdə bəzi razılaşmalar əldə olunacaq. Bu mənada da həmin səfəri qarşılıqlı güzəştlərə hesablanmış səfər kimi dəyərləndirmək olar. Ən azından Suriyada həyata keçirilən hazırkı əməliyyatlar məsələsində Ankara ilə Vaşinqton müəyyən razılığa gələcək.
ABŞ Türkiyənin Afrin əməliyyatında israrlı və kürd terrorçularını məhv etməkdə qətiyyətli olduğunu görərək, müəyyən məsələlərdə güzəştə getməli olacaq. Bununla yanaşı, Vaşinqton özünə sərf edən bəzi məqamlarda Ankaranın da güzəştə getməsinə nail olacaq. Səfər gedişində danışıqların mətbuata çıxmayan hissəsi fikrimcə, region üçün mühüm əhəmiyyət kəsb edəcək. Türkiyə bölgədə açıq şəkildə terrorla mübarizəyə başlayıb. ABŞ isə Əsədlə mübarizə aparır. Bu mübarizədə də ona müttəfiq lazımdır. Ona görə də, ABŞ Ankara ilə münasibətləri gərginləşdirməməlidir. Əks halda, onsuz da mövcud olan gərginlik daha da arta bilər. Həmçinin, Afrin əməliyyatına Moskvanın neytral yanaşması Türkiyə-Rusiya münasibətlərinin ciddi şəkildə yaxşılaşmasından xəbər verir.
Türkiyə sərhəd boyu 30 km-lik təhlükəsizlik zonasının yaradılmasında israrlıdır. Buna nail olanadək Türkiyə əməliyyatı davam etdirəcək. Tillersonun səfərilə müəyyən razılıqlar əldə olunacaqsa, ABŞ-la Türkiyə arasındakı münasibətlər normal davam edəcək. Razılıq əldə olunmasa, regionda hazırda mövcud olan qüvvələr nisbəti dəyişə bilər. NATO üzvünün öz təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əməliyyata digər qurum üzvü qarşı çıxacaqsa, bu halda sözsüz ki, Türkiyə özünə digər müttəfiq tapmaq istiqamətində düşünməli olacaq. İndiki şəraitdə isə Ankara ilə müttəfiq olmaq istəyən qüvvələr çoxdur. ABŞ-la Türkiyə arasında münasibətlər normallaşmasa, bu, region üçün də yaxşı heç nə vəd etmir. Bu halda Suriya məsələsinə baxışlarda mövcud olan kəskin fərqlər daha da inkişaf edəcək. ABŞ bu istiqamətdə Ankaranın üzərinə daha çox getməklə, Türkiyəni özündən daha da uzaqlaşdıracaq. Belə olan halda, Ankara həmin regionda iştirakını başqa qüvvələrlə həyata keçirməli olacaq. Bütün bunları göz önünə alıb, kompromisə getməklə hər iki tərəfin marağına adekvat cavab verən münasibətlərin qurulmasına ehtiyac var. Düşünürəm ki, belə bir münasibətin qurulmasında hər iki tərəf istəklidir. Qarşılıqlı güzəştlər regionun gələcək təhlükəsizliyi üçün ciddi addımlardan biri ola bilər”.
ELÇİN
www.yenicag.az