!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə ilə ABŞ arasında qapanmış “ortaq nöqtələr” bir-bir açılır” – Ekspert

!Reklam – Yazi

“Ankaranın çevik diplomatiyası Rusiya ilə münasibətlərin korlanmasına imkan verməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə və ABŞ liderlərinin münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün atdıqları qarşılıqlı addımları dəyərləndirən ekspert Əlabbas Məhərrəmov deyib.

Türkiyə ilə ABŞ arasında bir neçə ay əvvəl baş qaldıran gərginlik səngiməkdədir. Bu çərçivədə Ankara ilə Vaşinqtonun münasibətləri normallaşdırmağa yönəlik cəhdlərinin davamlı xarakter aldığı diqqətdən yayınmır.

ABŞ-ın öz hərbi kontingentini Suriyadan çıxarmaq qərarı isə iki ölkə arasında gərginliyin əsas səbəblərindən biri olan Suriya böhranının həllinə dair fikir ayrılığının da aradan qaldırıldığını söyləməyə əsas yaradıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın son telefon danışığında da əməkdaşlıq imkanları müzakirə edilib. Bu barədə açıqlama verən Ərdoğan aparılan danışıqların həm iki ölkə, həm də region üçün faydalı olacağına inandığını bildirib:
“Biz ABŞ prezidenti Donald Trampla məhsuldar telefon danışığında müxtəlif istiqamətlər, o cümlədən, ikitərəfli ticarət əlaqələrindən tutmuş Suriyadakı vəziyyətə qədər fəaliyyətimizin əlaqələndirilməsinin vacibliyinə dair yekdil fikrə gəldik. Ümid edirəm ki, bu müzakirələr ölkələrimiz və region üçün faydalı olacaq”.

ABŞ-Türkiyə təmaslarının intensivləşməsini və bu yaxınlaşmanın Türkiyə-Rusiya münasibətlərinə təsiri haqda Yenicag.az-a danışan ekspert Əlabbas Məhərrəmovun sözlərinə görə, Vaşinqton-Ankara yaxınlaşması davamlı olacaq:
“NATO üzrə müttəfiq olan Amerika ilə Türkiyənin münasibətlərindəki gərginliyin səbəbi hər iki ölkənin öz milli maraqlarını güzəştsiz şəkildə əsas götürmələri idi. Həm Ankara, həm də Vaşinqton xüsusilə, Yaxın Şərqdə, konkret olaraq, Suriyada gedən proseslərdə fərqli mövqelər tutaraq, düzxətli siyasət yürüdürdülər. Nəticədə ABŞ və Türkiyənin müttəfiqliyi formal xarakter aldı və Ankara ilə Moskvanın daha da yaxınlaşmasına zəmin yaratdı.

Lakin son vaxtlar ABŞ-ın mövcud reallıqları nəzərə alaraq, Türkiyəyə doğru addım atması münasibətlərdəki soyuqluğu tədricən aradan qaldırır. Vaşinqtonun Türkiyəyə “Patriot” raketləri və F-35 supermüasir hərbi təyyarələrini verməyə razılaşması ciddi hadisə olmaqla yanaşı, müttəfiqliyin real məcraya qayıtdığını göstərir. ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq niyyəti də özlüyündə Türkiyənin maraqlarının nəzərə alınması kimi qiymətləndirilməlidir. Yəqin Türkiyə ilə ABŞ arasında qapanmış “ortaq nöqtələr” bir-bir açılır.

Bu kontekstdə əlbəttə ki, Türkiyənin Rusiya ilə münasibətlərinin gələcəyi maraq doğurur. Çünki Ankara-Moskva yaxınlaşması Türkiyənin Qərblə münasibətlərinin gərginləşməsi nəticəsində baş tutmuşdu. İndi Türkiyənin ABŞ və Avropa ilə əlaqələrinin bərpası fonunda Rusiya ilə münasibətlərdə çatlar yaranacağı ehtimal olunur. Ancaq fikrimcə, Ankaranın çevik diplomatiyası Rusiya ilə münasibətlərin korlanmasına imkan verməyəcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

1797
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv