Türkiyə Qara dənizdə TƏŞƏBBÜSÜ ƏLƏ ALIR: “Ankaranın moderatorluğu ilə tərəflər...”

media-hightechnic-468x90

 

“Türkiyə Qara dəniz üzərindən qonşusu olan Ukrayna və Rusiyanın üç ildən artıqdır ki, müharibə içində olduğunu müşahidə edir. ABŞ prezidenti Donald Tramp iqtidara gəldikdən sonra qısa müddətdə atəşkəs elan edəcəyini bildirsə də, üç ay keçməsinə baxmayaraq, hələlik bu istiqamətdə heç bir irəliləyiş yoxdur”.

Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-img_4114

Siyasi analitik 15-16 aprel tarixlərində Türkiyə Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahında keçirilməsi planlaşdırılan Qara dənizdə sabitliyin qorunması və mümkün atəşkəs mexanizmlərinin formalaşdırılması istiqamətindəki danışıqlara münasibət bildirib.

Onun sözlərinə görə, Baltik dənizinin NATO-nun nəzarətinə keçməsindən sonra Rusiyanın yeganə çıxış yolu Qara dəniz olduğundan, o, bütün diqqətini bu regiona yönəldib:

“Ukraynanın da Qara dəniz üzərindən dünyaya açılan qapısı olduğu üçün Ukrayna ərazisində davam edən müharibə, eyni zamanda, Qara dənizdə də özünü göstərir. Bu, Türkiyə üçün böyük risk təşkil edir. Buna görə də rəsmi Ankara bu məsələdə Ukrayna və Rusiya arasında Qara dənizdə müəyyən razılaşmaya nail olmaq məqsədilə Türkiyədə danışıqların aparılmasına vasitəçi olub”.

H. Oktay əlavə edib ki, Qara dənizdəki müharibə vəziyyəti ticarətə mənfi təsir etdiyi üçün həm Rusiyanın, həm də Ukraynanın məhsullarının dünya bazarına çıxması olduqca çətin şərtlərdə baş verir:

“Bu, həm Rusiya, həm də Ukrayna iqtisadiyyatına zərbə vurduğu kimi, dünyada qiymətlərin artmasına da səbəb olur. Bu məsələ ilk dəfə Amerika və Rusiya rəsmilərinin görüşündə də gündəmə gəlib. Bundan sonra Türkiyə təşəbbüs göstərərək problemin davamlı həll yoluna qovuşması və sonradan tam həll olunması üçün əlindən gələni artıqlaması ilə edir. Rusiya və Ukrayna rəsmilərinin İstanbulda qapalı qapılar arxasında keçirdiyi görüşlərdə problemin həlli istiqamətində müəyyən məsafə qət edildiyinə dair siqnallar verilir”.

“Bu gizli görüşlərin açıq danışıqlara çevrilməsi həm də o deməkdir ki, Ankaranın moderatorluğu ilə tərəflər Qara dənizdə sülh mühiti yaratmaq niyyətindədirlər. Həmçinin Qara dənizdəki bu rəqabət istər-istəməz Amerikanın Çin strategiyasına da mənfi təsir göstərir. Amerika Ukrayna böhranında, Yaxın Şərq böhranında və İran böhranında normallaşma gözləyərkən bunu Türkiyə vasitəsilə həyata keçirmək istəyir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600