Reklam: High Technic
hightechnic

“Türkiyə sərt mövqe tutsa, Rusiya İdlibə görə onunla münasibətləri pozmayacaq” – Harun Sidorov

“Rusiya və İranın dəstəklədiyi Əsəd rejimi hər hansı razılaşmaya əməl etmək niyyətində deyil”.

Harun Sidorov
Harun Sidorov

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya, Türkiyə və İran prezidentlərinin Tehran görüşündən sonra Suriyada proseslərin mümkün inkişafını dəyərləndirən Rusiyalı ekspert, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Harun Sidorov deyib.

Harun Sidorovun fikrincə, Türkiyənin Suriyadakı vəziyyət, xüsusilə İdlib məsələsində mövqeyinin nəzərə alınması Ankaranın sona qədər qətiyyətli davranmasından asılı olacaq:
“Bəli, Tehran görüşündə İdlib məsələsinə görə konsensus əldə edilmədi. Ən azı, Putin və Ərdoğanın replikalarından belə qənaətə gəlmək mümkündür. Eyni zamanda, Türkiyə rəsmilərinin Tehran görüşündən sonra səsləndirdikləri sərt fikirlər belə düşünməyə əsas yaradır. Ancaq pərdəarxası danışıqlarda nələrdən danışıldığı və hansı razılığa gəlindiyini bilmirik.

Mən Rusiya, Türkiyə və İran tərəfindən Şərqi Quta ilə Deraa-Kalamundakı hərbsizləşdirilmiş zonaların hərbi yolla ləğvindən sonra bu üç ölkənin iştirakı ilə aparılan Astana prosesinin formal xarakter daşıdığını fikirləşirəm. Astana danışıqlarının əsas leytmotivi həmin zonalarda atəşkəsin tətbiqi və siyasi tranzitin təmin olunması idi. Sonuncu məqam həm də BMT müstəvisində aparılan Cenevrə prosesində əks olunub.

Ancaq indi müşahidə edirik ki, Rusiya ilə İranın dəstəklədiyi Bəşər Əsəd rejimi hər hansı razılaşmaya əməl etmək niyyətində deyil və siyasi tranzit məsələsini də müzakirə belə etmək istəmir. Burada Rusiya ilə İranın məqsədi aydındır: onlar Suriyanın ərazi bütövlüyünün bərpasına çalışırlar və bu istiqamətdə sonuncu addım İdlibin nəzarətə götürülməsidir. Türkiyənin Astana prosesinin pozulması arqumenti ilə buna qarşı çıxması məntiqli olsa da, bu, ardıcıl mövqe deyil.

Yaxşı, onda nəyə görə qarantlarından birinin Türkiyə olduğu hərbsizləşdirilmiş zonaların ləğvi zamanı Ankara mövqeyini ortaya qoymadı? Onda Türkiyə nəyə görə Moskvanın Əsəd rejiminin marağı üçün təşkil etdiyi Soçi prosesinə qatılırdı? Yaxşıdır ki, Ankara gec də olsa, ayılıb.

Belə bir vəziyyətdə hadisələrin mümkün inkişafına baxsaq, deməliyik ki, hər şey Türkiyənin nə dərəcədə qətiyyətli davranmasından və Rusiyanın buna nə qədər adekvat yanaşmasından asılı olacaq. Mən belə hesab edirəm ki, Türkiyə bu məsələdə sözdə yox, əməldə sərt mövqe tutarsa, hətta münasibətlərin korlanması riskinə gedərsə, Moskva hansısa İdlibə görə Ankara ilə əlaqələri pozmayacaq.

Türkiyənin İdlibə yeni hərbi qüvvələr yeritməsi və Azad Suriya Ordusunu hazırlıq vəziyyətinə gətirməsi bu cür ehtiyatlı nikbinliyi gücləndirir. Türkiyə İdlibi tərk etməmək mövqeyində sona qədər qalsa, Əsəd rejimi öz planlarından imtina etməli olacaq”.

Söhbətləşdi: Qafqaz Ömərov

www.yenicag.az

3134