Türkiyənin ARTAN GÜCÜ: Ankara regionun “dəyişdirici aktoru”na ÇEVRİLİR
“Sadalanan amillər birmənalı olaraq Türkiyənin həm regionda, həm də beynəlxalq arenada artan rolundan xəbər verir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Türkiyənin geosiyasi proseslərdə artan nüfuzunun beynəlxalq münasibətlərə təsirini şərh edib.
Politoloq bildirib ki, istər PKK, istər Rusiya, istər Azərbaycan, istərsə də Ermənistan məsələsində ümumilikdə geosiyasi proseslərdə Türkiyənin təsir dairəsinin genişləndiyi və bir sıra mühüm uğurlara imza atdığı müşahidə olunur.
“İlk olaraq PKK-nın silahları verməsi xüsusi vurğulanmalıdır. Belə ki, bu uğurla Türkiyə 40 ildir özünü məşğul edən əsas problemdən qurtuldu. Doğrudur, Ankaranın qalibiyyətini gözü götürməyən və illərlə PKK-nı dəstəkləyərək indi də prosesləri pozmaq istəyən xarici qüvvələr var. Lakin artıq Türkiyə gündəmində terror öz aktuallığını itirir. Bununla Türkiyə PKK-nı dəstəkləyən Yunanıstan, İran, İsrail, Almaniya, Fransa, Rusiya, ABŞ, hətta Ermənistanın əlindən özünə qarşı istifadə olunan aləti aldı”, – deyə politoloq qeyd edib.
E. Şahinoğlu vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın da Türkiyə səfərində bir sıra maraqlı detallar vardı:
“Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qapalı görüşü baş tutdu. Burada nələrin müzakirə edildiyi ictimaiyyətə açıqlanmadı. Lakin məhz həmin görüşün üzərindən çox keçməmiş diqqətçəkən proseslər müşahidə edildi. Paşinyan ölkəsinə qayıdar-qayıtmaz Rusiyanın açıq dəstəyini alan kilsə və radikal müxalifətə qarşı sərt addımlar atdı. Eyni zamanda ona qarşı hazırlanan çevriliş planını ifşa etdi”.
Onun sözlərinə görə, sadalanan hadisələrdən sonra iyulun son günlərinə Azərbaycan və Ermənistan liderlərinin görüşü planlandı:
“Maraqlı məqam isə görüşün planlanan vaxtdan daha tez baş tutmasıdır. Ermənistan artıq prosesləri uzatmağın özünün əleyhinə olduğunu anlayır. Yaxşı başa düşür ki, Rusiya Ermənistan və Azərbaycan arasında pozuculuq fəaliyyətini aktivləşdirib. Türkiyə hazırda Ermənistanın Azərbaycanla sülh sazişi imzalayacağı günü və Zəngəzur dəhlizinin reallaşmasını səbirsizliklə gözləyir. Əgər bunlar baş verərsə, Türkiyənin Ermənistanla sərhədi açılacaq. Nəticədə isə diplomatik münasibətlər genişlənəcək, Türkiyənin Cənubi Qafqazda mövqeyi daha da möhkəmlənəcək. Sadalanan amillər isə birmənalı olaraq Türkiyənin həm regionda, həm də beynəlxalq arenada artan rolundan xəbər verir”.
Nəsimi Ələsgərli