Saxlandığı həbsxanadan üç ay əvvəl helikopterlə qaçan təhlükəli cani ələ keçirilib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, fransız cani Reduan Faid doğulduğu Paris ətrafında yerləşən Krey şəhərində tutulub.
Məlumata görə, 46 yaşlı Faidlə birlikdə qardaşı və daha iki nəfər də yaxalanıb.
Qeyd olunur ki, Faid qanqster filmlərinin pərəstişkarı olub və özünün dediyinə görə, polisdən ustalıqla gizlənməyi “Hollivud”un ekran əsərlərindən öyrənib.
Faid ilk dəfə 1998-ci ildə qarət üstündə həbsxanaya düşsə də, türmədən qaçmağa nail olub.
O, ikinci dəfə 2018-ci il iyulun 1-də Parisin cənub-şərqində yerləşən Reo həbsxanasından qaçıb. Ona bu işdə ziyarətçilər üçün otağa daxil olan üç nəfər silahlı şəxs kömək edib.
Həbsxanadan çıxarıldıqdan sonra girov götürdükləri pilotun idarə etdiyi helikopterlə ərazidən uzaqlaşıblar. Bu əməliyyat cəmi bir neçə dəqiqə sürüb və zərər çəkən olmayıb.
Faidin ələ keçirilməsindən sonra açıqlama verən Fransanın ədliyyə naziri Nikol Bellube bildirib ki, cinayətkar ciddi rejimli həbsxanada saxlanacaq və daim nəzarətdə olacaq.
www.yenicag.az