“Artıq 3 ilə yaxındır Ukrayna ərazisində Rusiya-Qərb müharibəsi gedir. Hər iki tərəf isə bu müharibədə öz ətrafına digər ölkələri də cəlb etməyə çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.
O, Ukrayna cəbhəsinə koreyalı muzdluların yollanması haqqında yayılan informasiyaları şərh edib.
Politoloqun sözlərinə görə, hazırda Qərb bloku 55-ə yaxın ölkə olaraq Rusiyaya qarşı ittifaq yarada bilib:
“Rusiya da əsasən, Şimali Koreya və İrandan açıq şəkildə hərbi dəstək alır. Son zamanlar isə yayılan məlumatlara görə, Şimali Koreya hətta fiziki qüvvə olaraq əsgəri dəstək də verir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlama vermişdi ki, Rusiya tərəfindən müharibədə iştirak edən Şimali Koreya əsgərləri Ukrayna tərəfindən zərərsizləşdirilib. Qərb Rusiya ətrafında birləşənləri şər bloku adlanır və onların sayının artmasını istəmir”.
“Cənubi Koreya Şimali Koreyanın müharibəyə qoşulmasını həmin regionda münasibətlərin daha da gərginləşdirəcəyindən narahatdır. Eyni zamanda Çin də Tayvan ətrafında hərbi təlimlərə başlayıb. Bütün bunlar da dünyada növbəti hərbi münaqişənin Uzaq Şərqdə yarana biləcəyi ehtimallarını artır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az