“Qərb müharibənin bu qədər uzun çəkəcəyini və təsəvvür etmədiyi dərəcədə ağır itkilərlə nəticələnəciyini gözləmirdi”.
Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişində Qərbin son addımlarını və Moskvanın cavab tədbirlərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, yaxın vaxtlarda tərəflərdən hansısa birinin ciddi uğur qazanacağı gözlənimir:
“Müharibənin əvvəlindən fərqli olaraq, tərəflərin seçdiyi taktika nəticəsində döyüşlər “sürünən” formaya keçib. Hər iki tərəf olduğu mövqelərdə qalmaq, müdafiə xəttini möhkəmləndirmək, imkan düşdükcə irəliləmək niyyətindədir. İndiki şəraitdə həm Rusiyanın, həm də Ukraynanın genişmiqyaslı əməliyyat keçirmək üçün resursu yoxdur.
Rusiya öz hücum etdiyi kontingentin 80 faizindən çoxunu itirib. Eyni zamanda, hərbi texnika baxımından da ciddi itkiləri var. Ancaq Rusiya öz hərbi sənayesini inkişaf etdirərək, itkilərin yerini doldura bilir. Ukraynanın əsas hərbi-sənaye obyektləri isə işğal zonasında yerləşdiyi, digər obyektlər isə Rusiyanın hücumlarına məruz qaldığı üçün xaricdən tam asılı vəziyyətə düşüb.
Xaricdən göndərilən hərbi-texniki yardımlar isə uzunluğu 2 min kilometrə yaxın olan cəbhə xəttini tam təchiz etməyə yetmir. Qərb müharibənin bu qədər uzun çəkəcəyini və təsəvvür etmədiyi dərəcədə ağır itkilərlə nəticələnəciyini gözləmirdi. Onların da imkanları sonsuz deyil. Avropa ölkələri indi-indi silah sənayesinin inkişafına kapital qoyurlar. Hər bir halda Rusiya həm iqtisadi, həm də müttəfiqlərinin sırasını genişləndirmək planında daha da güclənib.
İran, Hindistana, Çin və Şimali Koreya ilə iqtisadi-hərbi əlaqələr, onlardan müxtəlif silahların, həmçinin müasir müharibənin ən önəmli faktorlarından olan dronların alınması Rusiyaya imkan verir ki, hücumları davam etdirsin. Yaxın vaxtlarda tərəflərdən hansısa birinin böyük şəhəri ələ keçirəcəyi gözlənimir. Təzyiqlər olarsa, atəşkəs əldə oluna bilər. Ancaq böyük sülh hələ ki, real görünmür”.
Səxavət Məmməd
www.yenicag.az