Ukrayna savaşının rus milyarderlərinə təsiri
Ötən ilin sonlarından başlayaraq Ukraynada baş verən olayların nəticəsi dünyanın demək olar ki, bütü ölkələrinin iqtisadi göstəricilərinə təsir edib.
Martın 25-də Krımın rəsmi şəkildə Rusiyaya birləşdirilməsindən sonra isə Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Təbii ki, bu sanksiyalar ziyansız ötüşməyə bilməzdi. İlk olaraq onu demək yerinə düşər ki, “Visa” və “MasterCard” Rusiya bankları ilə əməkdaşlığı dayandırandan sonra Vladimir Putinin əmri ilə ölkənin milli valyuta sistemi yaradılmağa başladı və ilkin hesablamalara görə, bu sistem rəsmi Moskvaya 50 milyard dollara başa gələcək.
19 günə 3,4 milyon dollar itirdi
Tətbiq edilən sanksiyaların Rusiyada yaşayan milyarderlərə ciddi təsir edib. Krım olaylarından sonra bu hadisələrdə barmağı olan ABŞ 60 rəsmi şəxsə sanksiya tətbiq edib. Onların arasında 4 milyarderin adı var. Rəsmi Vaşinqtonun sanksiyası ilə üzləşən milyarderlər rusiyalı Yuri Kovalçuk, Gennadi Timçenko, Tobkorn Tornqvist və Boris Rotenberqdir. Martın 20-dən tətbiq edilən sanksiyalar artıq bəzi nəticələrini göstərib. Belə ki, 1,7 milyard dollarlıq vəsaitə mailk Boris Rotenberq 3,4 milyon dollar pul itirib. 2,6 milyard dollarlıq vəsaiti olan Tobkorn Tornqvistin isə pullarından gələn faizlər dondurulub. Bu proses ilin sonuna qədər davam edərsə, milyarderə 6 milyon dollara qədər ziyan dəyə bilər.
Krım olayları 61 yaşlı Gennadi Timçenkoya daha pis təsir edib. İlin əvvəlində hesabında 15,3 milyard dollar olan milyarder 2 milyard dollara yaxın pul itkisi ilə üzləşib və hesablamalara görə, onun 13.5 milyard dollar pulu var. Milyarder Arkadi Rotenberq Krım olaylarına görə 3.8 milyardlıq valyuta ehtiyatının 200 milyon dollarını itirib. “Forbes”in açıqladığı bu rəqəmlər aprelin 9-na olan statistik göstəricilərdir.
Avropada dondurulan 15,6 milyard dollar
ABŞ-la yanaşı, Avropa dövlətləri də Rusiyaya sanksiya tətbiq edildiyi üçün rəsmi Moskvanın itkilərinin artacağı deyilir.
“Röyter”in aprelin 7-də verdiyi məlumata görə, Avropanın qara siyahısına 33 dövlətli rusun adı düşüb. İsveç Milli Bankının məlumatına görə isə İsveç banklarında rus sahibkarlarına məxsus 15,6 milyard dollar məbləğində pul dondurulub.
Xatırladaq ki, sanksiya tətbiq edilmiş milyarderlərin siyahısını ABŞ Dövlət Departamentinin Xarici Mülkiyyətə Nəzarət İdarəsinin Xəzinədarlıq Agentliyinin yayıb(axar.az).