Ukraynalı ekspert, antropoloq, tarixçi və jurnalist Qriqori Mavrovun Yenicag.ru-ya müsahibəsini təqdim edirik:
– Qısa müddət öncə Ukrayna hökuməti Türkiyə ilə hərbi-maliyyə razılaşmasını təsdiqlədi. Bu əməkdaşlığın hansı perspektivləri var?
– Belə başa düşürəm ki, Ukraynaya maliyyə yardımının ayrılmasını nəzərdə tutursunuz. İki ölkə arasındakı razılaşmaya əsasən, Türkiyə Ukrayna ordusunun tələblərinin qarşılanması üçün təxminən 9 milyon türk lirəsi ödəyəcək. Bununla yanaşı təlim mərkəzlərində Ukrayna hərbçilərinin qısamüddətli hazırlığını təşkil etməyə dair öhdəlik götürüb. Bu kimi kiçik yardımları bir sıra ölkələr onsuz da,Ukraynaya göstərir. Məsələn, bu ilin may ayında Ukrayna Daxili İşlər Nazirliyi ilə Kanadanın Müdafiə Nazirliyi arasında saziş imzalanıb. Həmin saziş şəxsi heyətin hazırlığını, partlayıcılar üzrə hazırlığı, logistikanın modernləşdirilməsi, peşəkar inkişaf və zabitlərin təhsili, eləcə də dil kurslarını özündə ehtiva edir. Kanada artıq Ukrayna Silahlı Qüvvələrinə təxminən 25 mln. dollar həcmində yardım göstəriblər. Digər ölkələrlə də bu tip razılaşmalar var. Şübhəsiz ki, bütün bunlar təkcə Ukrayna ordusunun modernləşməsinə deyil, həm də Türkiyə və ya Kanada kimi tərəfdaş ölkələrlə Ukraynanın müdafiə və hüquq-müfaziə orqanları arasındakı əlaqələrin nizama salınmasına xidmət edir.
– Ərdoğanın Ukraynaya səfəri zamanı hər iki ölkənin müdafiə qurumları arasında bir sıra vacib saziş və müqavilələr bağlandı. Ankaranın Moskva ilə çoxmilyonluq birgə iqtisadi layihələri olduğunu nəzərə alsaq, Türkiyə bundan sonra da Ukrayna ilə əlaqələrini inkişaf etdirə biləcəkmi?
– Türkiyə hər zaman xarici ticarətində şəffaflıq nümayiş etdirib. Bu zaman hansısa ölkədən olan tərəfdaşlarının reaksiyasını deyil, xeyrini əsas götürüb. Bütövlükdə bu sazişlər həm Türkiyə, həm də Ukraynaya sərfəlidir. Ona görə də, Moskva ilə layihələr çətin ki, Kiyevlə ticarətə mane olsun.
– Kreml Ukrayna-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilərmi? Əgər göstərə bilərsə, Moksvanın əlində bunun üçün hansı rıçaqlar var?
– Ukrayna-Türkiyə münasibətlərinə başlıca təsir rıçaqı Ukraynanın özündə stabilliyi pozmaq, ölkədəki vəziyyəti xaos həddinə çatdırmaqdır. Belə olan halda Türkiyə və ya digər bir ölkəylə birgə biznesdən söhbət belə gedə bilməz. 2014-cü ildə Krımın ilhaqından sonra ölkəmi bənzər vəziyyətlə üzləşdi. Donbasda ikinci cəbhə açıldı. İndi Ukrayna digər ölkələrlə əməkdaşlığa yönəlir, ordu da artıq 2014-cü ildəkindən çox fərqlidir. Odur ki, Ukraynaya təsir mexanizmi qalır, lakin bu, günü-gündən azalır.
– Türkiyə Ukraynanın “Top-5” ticarət tərəfdaşları və “Top-10” xarici investorları reytinqində qərarlaşıb. Bununla yanaşı, Türkiyə öz daxili bazarını Ukrayna şirkətləri üçün açıb. Lakin Rusiya şirkətləri Türkiyə ilə daha fəal çalışırlar. Ukrayna sahibkarlarının belə passivliyi nə ilə bağlıdır?
– Sözsüz ki, Ukraynanın hələ sona qədər üzə çıxarılmayan nəhəng potensialı var. Lakin indi çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər təkcə iqtisadiyyat sahəsinə deyil, mədəniyyət, təhsil və elm sahələrinə də özünü büruzə verir. Bir müddət öncə Türkiyə Milli Təhsil Nazirliyi məktəblərdə keçirilən xarici dillərin siyahısını genişləndirərək, buraya ukrayna və bolqar dillərini də daxil edib. Bütün bunlar bizneslə birbaşa əlaqəlidir. Mədəni və dil sferalarında körpüləri qurmayınca bütün cəhdlərimiz bir o qədər də, əhəmiyyətli olmayacaq. Mən əminəm ki, Ukrayna və Türkiyə modernləşmə təcrübəsini öyrənməlidir. İstanbulda ilk müasir metro yalnız XXI əsrin əvvəllərində yaradılıb. Lakin son illər ərzində İstanbulda metro xətti o qədər genişlənib ki, bir çox gələnlər hələ 90-cı illərdə bu şəhərdə bu sistemin olmadığına inanmırlar. Eyni sözü yollar, hava limanı və digər nəqliyyat infrastrukturu barədə də demək olar. Türkiyə dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin siyahısına son 10-15 il ərzində daxil ola bilib. Əməkdaşlığa gəldikdə, əvvəlki illərlə müqayisədə qarşılıqlı ticarətdə inkişaf baş verir. Ukrayna şirkətləri iki ölkənin ticarətində daha çox rol oynamağa başlayır. Bu iki ölkə çox oxşardır. Hər ikisi şərqlə qərb, şimalla cənub arasında təbii körpüdür. Türkiyə bundan gəlir götürməyi öyrənib, indi növbə bizdədir. Krımın ilhaqı və Donbasda müharibənin başlanması iqtisadiyyatımıza böyük ziyan vurub. Bir çox analitiklər hesab edirdilər ki, Ukrayna bu zərbəyə davam gətirə bilməyəcək. Yəni, burada söhbət təkcə iqtisadiyyatdan deyil, ölkənin özündən gedirdi. İndi biz görürük ki, Ukrayna nəinki davam gətirdi, həəta artıq onun iqtisadiyyatında kiçik irəliləyişlər də müşahidə olunur. Rusiya şirkətlərinin və dominantlıq etdiyi sektorlarda artıq digər ölkələrin şirkətləri yer tutur. Türkiyədə isə azad ticarət zonasının işə salınmasından sonra ticarət dövriyyəsinin artacağını gözləmək olar. Ukrayna bu ölkə ilə kənd təsərrüfatı məhsullarına dair də danışıqlar aparır.
– Azərbaycan-Ukrayna münasibətləri də yüksək səviyyədədir. Münasibətlərimizin möhkəm bünövrəsi hələ Heydər Əliyev və Leonid Kuçmanın zamanında salınıb. Bakı və Kiyev arasında əməkdaşlıq GUAM və MDB çərçivəsində hərbi sahə də başda olmaqla, bütün sahələr üzrə inkişaf edib. Bu gün Ukrayna müdafiə sənayesi şirkətlərini Azərbaycana silah tədarük edənlərin arasında görmürük. Rusiya və Belarus bu mənada Azərbaycanla daha fəal çalışırlar. Münasibətlərimizin bugünkü vəziyyəti sizi qane edirmi?
– Əlbəttə ki, yox. Azərbaycan və Ukraynanın hələ üzə çıxmayan böyük iqtisadi potensialı var.
– Keçmiş SSRİ üzrə münaqişələr arasında müqayisə aparmaq olar və ya Krımla Donbasın ilhaqı Qarabağın, Abxaziyanın, Cənubi Osetiya və Dnestryanının işğalından nə ilə fərqlənir?
– Rusiyanın tərkibinə birbaşa daxil edilən Krımı çıxmaqla, bütün digər münaqişələr kifayət qədər oxşardır və onların açarı Moskvadadır. Aydındır ki, əgər Rusiya Dnestryanıdan ordusunu çıxarsa və ya Cənubi Osetiyaya kömək göstərməyi dayandırsa, bu ərazilərin əhalisinə heç nə olmayacaq. Rusiya TV-lərində deyildiyi kimi hansısa etnik təmizləmərdən söhbət belə getmir. Moldava və Gürcüstan Avropa strukturlarına inteqrasiya kursu seçiblər. Bu isə milli və dini azlıqların vəziyyətini əsaslı şəkildə yaxşılaşdırıb. Ukraynada ruslara və rus dillilərə qarşı ayrı-seçkilik olduğuna dair fikirlər umimiyyətlə absurddur. Ukraynada heç vaxt heç kimi rus dilində danışdığına görə nə döyüb, nə də öldürüblər. Ukraynalılar iki dildən də sərbəst istifadə edir, asanlıqla bir dildən digərinə keçid edirlər.
Odur ki, sadəcə Moskvanın münaqişəni həll etmək istəməsinə ehtiyac var. Əgər Kreml Qərblə sazişlərin müqabilində xatırlatdığınız rejimləri dəstəkləməyi dayandırsa, dəyişiklikləri yaxın 5-7 ildə görə biləcəyik. Lakin bu çox optimist proqnozdur. Mən hesab edirəm ki, bu müddət ərzində münaqişələr həllini tapmayacaq. Ukrayna isə Gürcüstan və ya Azərbaycan kimi, yəni ərazilərinin bir hissəsi başqa bir dövlətin işğalı altında qalmaqla yaşamağa öyrəşməlidir. Bu o demək deyil, təslim olmaq və vəziyyətlə barışmaq lazımdır. Bu o deməkdir ki, güc toplamaq və daha uyğun zamanı gözləmək lazımdır.
www.yenicag.az