!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna üçün SONUN BAŞLANĞICI: “Hər şey yanvar ayının sonunda aydınlaşacaq”

!Reklam – Yazi

“Postsovet məkanının ən yaxşı inkişaf etmiş ölkələrindən biri kimi Ukrayna hazırda çox böyük faciə və təhlükə qarşısında qalıb. Ukraynanın dünya xəritəsindən silinmə təhlükəsi isə zaman keçdikcə, daha inandırıcı görünür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi son illər Rusiyanın Ukrayna cəbhəsində genişmiqyaslı irəliləyişi fonunda Birləşmiş Ştatlarda hakimiyyətə gəlmiş Tramp administrasiyasının 2025-ci il üçün irəli sürdüyü sülh təkliflərinə münasibət bildirib.

E. Xalidbəyliyə görə, Ukraynanın hazırda düşdüyü situasiyaya görə ABŞ və Avropa İttifaqı birbaşa məsuliyyət daşıyırlar:

“Çünki belə bir dövlətin faktiki olaraq dağıdılmış vəziyyətə düşməsində kollektiv Qərb günahkardır. Eyni zamanda, ABŞ və onun Qərbdəki müttəfiqlərinin təhriklərinə uyan Zelenski hakimiyyəti də burada məsuliyyət daşıyır. Ona görə ki Ukrayna postsovet məkanının ən önəmli ölkələrindən biri idi və bu gün bu vəziyyətə salındı, Rusiya ilə savaşa təhrik edildi və Moskvaya savaş üçün bəhanə verildi”.

Analitik onu da diqqətə çatdırıb ki, hazırda Ukrayna ordusu cəbhədə öz döyüş mövqelərini itirməkdə davam edir:

“Böyük ehtimalla, Ukraynanın gələcək taleyi yanvar ayının sonlarına doğru aydınlaşmağa başlayacaq. Yəni Tramp administrasiyası səlahiyyətlərinin icrasına başladıqdan sonra məlum olacaq ki, Birləşmiş Ştatlar Ukrayna savaşı ilə bağlı hansı mövqedən çıxış etmək niyyətindədir. Bəzi ehtimallara görə, Tramp administrasiyası artıq Kremllə səhnəarxası danışıqlar başlayıb və Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi hesabına bir sülh planının hazırlandığı haqqında məlumatlar mövcuddur. Əgər rəsmi Kiyev bu plana müqavimət göstərərsə, ehtimal olunur ki, Vaşinqton Ukraynaya bütün hərbi yardımları dayandıracaq”.

Mütəxəssisin fikrincə, ABŞ belə bir addım atarsa, Avropa İttifaqı da Ukraynaya yardım etməkdə maraqlı olmayacaq:

“Belə olan təqdirdə, rəsmi Kiyev istənilən halda Trampın Ukrayna üçün faciə vəd edən sülh planını qəbul etmək məcburiyyətində qalacaq. Belə bir ehtimal hazırda tamamilə realdır. Lakin, əgər rəsmi Kiyev əvvəlcədən Trampın sülh planı ilə razılaşmış olsa, Ukrayna və Rusiya arasında qeyri-rəsmi yeni sərhədlər yaranacaq və iki ölkənin qoşunları hazırkı təmas xəttində dayanacaqlar. Bu sərhədlər beynəlxalq səviyyədə tanınmasa da, Rusiyanın Ukraynada işğal etdiyi ərazilər Kremlin nəzarətində qalmış olacaq. Artıq Ukrayna üçün faciəvi bir dövr başlayıb. Rəsmi Kiyevin bu situasiyadan necə çıxacağı da məlum deyil. Ümumiyyətlə isə Ukraynanın gələcək taleyinin aydınlaşması üçün Tramp administrasiyasının səlahiyyətlərinin icrasına başladıqdan sonrakı dövrü gözləmək lazım gələcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv