“Zelenskinin zənciri başqasının əlindədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
Analitik ABŞ lideri Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı sonrası Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynasız danışıqları düzgün hesab etməməsi haqqında söylədiyi fikirləri şərh edib:
“Çoxlarına bu fikirlərim xoş gəlməyə bilər, amma bu, bir reallıqdır. Zelenski bu məsələlərdə bir oyunçudur və artıq istifadə müddəti də bitmək üzrədir. Müharibənin başlanmasının üçüncü ili gəlir. Bu müddətdə Ukrayna ancaq itirir, çünki ərazisinin 20%-i işğal olunub, getdikcə də işğal əhatəsi genişlənir. Heyf Ukraynadan ki, Zelenski kimi bir şoumenin güdazına getdi. Qazanan burada ancaq Qərb dairələri oldu. Amerika Zelenskiyə desə ki, atəşkəs masasına otur, oturacaq, desə ki, yox, bir müddət də davam et, dirən, onu da edəcək, dirənəcək. Çünki zənciri başqalarının əlindədir”.
Siyasi təhlilçi əmindir ki, Ukrayna bu gedişlə kapitulyasiya sənədinə qol çəkməyə doğru gedir:
“Tramp da bunu görməmiş deyil. Ağ Evin ikinci dəfə sahibi olan bu biznesmen yaxşı anlayır ki, bu məsələnin geridönüşü yoxdur. “Rus ayısı” geri çəkilən deyil və hədəflərini daha da artırır. Hesab edirəm ki, müharibə gələn ilə qədər uzanmayacaq. Atəşkəs sazişi isə Putinlə Zelenski arasında deyil, Rusiya ilə Amerika arasında bağlanacaq. Çünki Putin Zelenskini qeyri-legitim prezident hesab etdiyi üçün onunla eyni masaya oturmayacaq. Bilirsiniz ki, Zelenskinin prezidentlik müddəti bitib və müharibə səbəbi ilə seçkilər baş tutmur”.
C. Abbaslı həmçinin Rusiyanın ciddi itkilər verməsindən söz açıb:
“Rusiya tarixinin ən böyük zərbələrini almaqdadır. Sadəcə çox böyük olduğu üçün bunu hiss etdirmir. İnsan, maddi və hərbi resurslardan kifayət qədər böyük itkiləri var, amma geridönüşü də yoxdur. Putin bilir ki, geri dönsə, bu Rusiyanın parçalanması demək olar. Ona görə də geri dönməyəcək və indiyə qədər işğal etdiyi əraziləri əlində saxlamaqla atəşkəsə qol çəkəcək. Ondan sonra da Ukrayna öz ərazilərini bərpa edib, Amerika başda olmaqla Qərb ölkələrinin minnətli çörəyini yeyəcək”.
Nurlan Cəfəri
www.yenicag.az