Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
Yenicag.az xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq.
Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq. MSK yekun nəticələri 10 gündən gec olmayaraq açıqlamalıdır. Əgər hər hansı namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ölkədə prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.
Seçki kampaniyası dövründə aparılan rəy sorğularında ikinci turun keçiriləcəyinin qaçılmaz olduğu qeyd edilir. Rəy sorğularına əsasən ikinci tura daha çox hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenskiy şanslı sayılır.
MSK 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda – 80 santimetrdir.
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı 2000-ə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir./AZƏRTAC/
www.yenicag.az