Trampın sandıqda saxladığı "fövqəladə vəziyyət": ABŞ-nin demokratik təsisatları üçün təhlükə - TƏHLİL
ABŞ Prezidenti Donald Trampın immiqrasiya, ticarət və enerji sahəsindəki sərt siyasətlərini həyata keçirmək üçün tez-tez “milli fövqəladə vəziyyət” elanlarına müraciət etməsi tənqid hədəfindədir.
Yenicag.az xəbər verir ki, bu barədə “TheGuardian” nəşri ilə təhlil aparıb.
Məqalədə qeyd edilib ki, belə qərarlar ciddi narahatlıqlara səbəb olub.
“Hüquqşünaslar və müstəqil nəzarət qurumları bildirirlər ki, Trampın bu addımları tez-tez zəif hüquqi əsaslarla və ya əsassız iddialarla müşayiət olunur.
Ekspertlərin fikrincə, belə yanaşma konstitusiyanın səlahiyyət bölgüsünü pozur və demokratik institutları zəiflətmə riski yaradır.
Kolumbiya Universitetinin hüquq professoru Devid Pozen və digər ekspertlər qeyd edirlər ki, Trampın “daimi böhran rejimi”ndə idarə etməsi onun siyasi gündəmini qanunverici orqanı və məhkəmələri kənara qoyaraq həyata keçirmək cəhdidir.
Məhkəmələr bir sıra hallarda Trampın fövqəladə səlahiyyətlərdən sui-istifadə etdiyini müəyyən etsələr də, bəzi qərarlar Trampın xeyrinə nəticələnib. Tənqidçilər bildirirlər ki, bu cür addımlar vətəndaş azadlıqlarına və qanunun aliliyinə ciddi təhlükə yaradır.
Ekspertlərin fikrincə, Trampın fövqəladə vəziyyətlərlə bağlı iddiaları klassik avtoritar üsulları xatırladır: fövqəladə vəziyyət yarat, sonra isə onun arxasında gizlənərək idarə et. Konqres və məhkəmə sistemlərinin zəiflədilməsi, jurnalistlərin hədəfə alınması və dövlət aparatının fərdi siyasi məqsədlər üçün yönləndirilməsi ABŞ-nin demokratik təsisatları üçün təhlükə siqnalı olaraq qiymətləndirilir. Bəzi hüquqçular bunu “polis dövlətinə keçidin ilkin mərhələsi” adlandırır”, – deyə məqalədə bildirilib.
Nəsimi Ələsgərli