Uşaqlarımız niyə EVDƏN QAÇIR? – Sevgisizlik, macəra axtarışı, yoxsa...

media-hightechnic-468x90

 

“Bu hallar uşaqları həddən artıq əzizləmələr, yaxud da həddən artıq sevgisiz və qayğısız buraxmağın fonunda baş verir”.

“Azyaşlı məktəbli itkin düşdü”, “9 yaşlı uşaq yoxa çıxdı”, “11 yaşlı qız evdən qaçdı”, “şagird dərsdən sonra evə qayıtmadı”… Bu gün xəbərlərin sayı son vaxtlar getdikcə artmaqdadır ki, bu da həm valideynləri, həm də cəmiyyəti ciddi şəkildə narahat edir.

Mövzunu Yenicag.az-a şərh edən psixoloq Ülviyyə Murtuzova uşaqların evdən qaçmasının səbəblərini açıqlayıb:

“Bu hallar uşaqları həddən artıq əzizləmələr, eyni zamanda, həddən artıq sevgisiz və qayğısız buraxmağın fonunda baş verir. Demək ki, orta qızıl məxrəci tapmaq lazımdır. Hər bir valideynin arzusudur ki, bu ortaq məxrəci təyin edə bilsin. Təəssüflər olsun ki, hər zaman buna nail ola bilmirik. Uşaqların xarakteri və valideynlərdə olan konservativ düşüncə buna mane olur. Bəzən özümüzün erkən dönəmlərdə çox diqqət, yaxud da basqı altında böyüməyimizi uşaqlarımıza yanşadırıq”.

“Bu günün düşüncəsi əvvəlki kimi olmadığından bəzi uşaqlar bu vəziyyətdən qurtuluşu evdən qaçmaqda görürlər. Yaxud da bunun əksi baş verir, həddən artıq sevgi görən valideynlər var ki, deyirlər, uşaqlıqda nazımla çox oynayıblar, həddən artıq dərəcədə sevgi məni dəymə-düşər edib, uşağımı belə böyütməyəcəm. Belə olan halda, uşaq isə sevgisizliyi qəbul edə bilmir və sevgini başqa yerdə axtarmağa başlayır. Dərdini başqaları ilə bölüşür, qayğını digərlərindən görür, getdikcə evdən soyumağa başlayır. Düşünür ki, onsuz da sevgimi, qayğımı başqa yerdə tapıram, evlə heç bir bağım qalmayıb, ondansa, gedim ya tək, ya dostumla ev tutub müstəqil yaşayım. Boşluqlar buradan başlanır”, – deyə o, əlavə edib.

Psixoloq hesab edir ki, uşaqlara diqqət, nəzarət lazımdır:

“Bəli, uşaqlara sevgi də vermək lazımdır, eyni zamanda, onları nəzarətdə saxlamaq da… Amma müəyyən hədd daxilində. Bütün bunlar uşaq pedaqogikasının yanaşma mexanizmləridir. Əgər bununla özümüz bacarmırıqsa, bu işlə məşğul olan uşaq psixoloqlarına müraciət etmək lazımdır. Çünki yeniyetməlik dönəmi təhlükəli keçid dövrüdür və həmin yaş dönəmində olanlar üçün düşüncə partlayışıdır: “Mən artıq yetkin insanam”, “hər şeydə sərbəstəm”, “istədiyim vaxt evdən gedə, sərbəst yaşaya bilərəm”… Amma həmin dönəmdə valideynin ona olan sevdi və diqqəti uşağı geri qaytarmağın yeganə yoludur”.

“İsterik uşaqlar da var, şantaj xarakterlidirlər. Evdə yetərincə sevgi görür, amma buna rəğmən, “sən mənə bunu etməsən, evdən gedəcəyəm” qorxusu yaradırlar. Burada da məqsəd valideynlərin gözünü qorxutmaq və onların üzərində avtoritet rejim yaratmaqdır. “Özümü binadan atacağam”, “evdən qaçacağam” və s. sözlərlə valideynlərinin gözlərini qorxudurlar. Əslində, məqsəd diqqət çəkmək və tələbatlarının ödənilməsinə nail olmaqdır. Dediklərini, istəklərini bütünlüklə yerinə yetirmək də uşağı dəhşətli dərəcədə başqa bir insana çevirməyə gətirib çıxarır. Qəti şəkildə bunu etmək olmaz. Önəmli məsələdirsə, onu anlayışla başa salmaq olar. Yoxsa ki, “bahalı avtomobil istəyirsən, brend marka geyim, yaxud digər nələrsə istəyirsənsə, borc-xərc edib alım”, olmaz! Bunun sonrası da var. Bu da gələcəkdə antisosial şəxsiyyət pozuntusu yaşayan, narsist və psixoloji problemlər yaşayan insan tipinə çevriləcək. Həmin dönəmdə də artıq geriyə dönüş mümkün olmayacaq”, – o, fikirlərini tamamlayıb.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600