“Bütün provayderlər valideynin arzusu ilə təmiz, “halal internet” xidməti də təklif etməyə borcludur”.
Bu il yanvarın 1-dən etibarən, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minib. Qanun müxtəlif yaş kateqoriyalarına aid olan uşaqların informasiya əldə etmək hüququnun reallaşması zamanı onların zərərli informasiyalardan qorunması ilə bağlı məsələləri tənzimləyir. Sözügedən qanun TV-lərdə yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsini tələb edir.
Yenicag.az xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz artıq qüvvəyə minmiş bu qanunun əsas tələblərini şərh edib.
Osman Gündüzə görə, indiyədək TV-lərdə hazırlanan informasiya məhsulları ekspertizadan keçirilməli və yaş kateqoriyaları üzrə işarələnməlidir:
“Telekommunikasiya haqqında Qanun”a da əlavələr edilib. Bu əlavəyə görə, hər bir provayder abunəçinin istəyi ilə uşaqların internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.
Yəni bütün provayderlər valideynin arzusu ilə təmiz, “halal internet” xidməti də təklif etməyə borcludur. Qanunun ayrı-ayrı müddəalarının icrasına Milli Televiziya və Radio Şurası, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavabdehdir”.
Osman Gündüz aparılan müşahidələrə əsasən, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu vurğulayıb:
“Xüsusilə də TV və internetdə qanunun tələb etdiyi qaydada informasiyaların kateqoriyalaşmasına çox az rast gəlinir. Qanunun tələb etdiyi formada təsnifat aparılarsa, telekanallardakı bir çox verilişlərin ya efir vaxtı dəyişilməli, ya da uşaqlar üçün ciddi təhlükə olan bir çox verilişlər, ümumiyyətlə, efirdən çıxarılmalıdır.
Milli Tеlеviziyа və Rаdiо Şurаsı qanunun icrası üçün telekanallarda qanunda nəzərdə tutulan ekspertiza qurumlarının hazırlanması və arxivlərdə bu istiqamətdə işlərin aparılması ilə bağlı xeyli iş görməlidir. Bu istiqamətdə dövlət tərəfindən dəstək göstərilməsinə də ehtiyac var. Azyaşlıların zərərli informasiyalardan qorunması üçün uşaqlar və valideynlər arasında maarifçilik tədbirləri də gücləndirilməlidir. Zərərli olanı uşaqdan gizlətməklə yanaşı, gərək faydalı olan da onlara göstərilsin”.
Gülşən Şərif
www.yenicag.az