Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Sentyabrın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu rayonun gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam cəmiyyət” layihəsi çərçivəsində Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov turnirin məqsədinin gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə yanaşı, mərhum şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsini yad etməkdən ibarət olduğunu bildirib. Qeyd edib ki, ölkəmizi dünyada yüksək səviyyədə təmsil etmiş Vüqar Həşimov bu gün hər bir Azərbaycan gənci üçün nümunədir.
Yarışın hakimi, FİDE ustası Pərvanə İsmayılova iştirakçılara yarışın qaydalarını izah etdikdən sonra turnirə start verilib.
Yarışın nəticələrinə əsasən, Kamran Qurbanlı birinci, Zəhra İsmayılova ikinci, Mahmud Məmmədzadə isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olunublar.