Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun vəzifədən göndəriləcəyi ilə bağlı mətbuatda tez-tez xəbər yayılsa da, məlumat bu gün rəsmiləşdi.
Yenicag.az xəbər verir ki, ölkə prezidenti İlham Əliyev imzaladığı sərəncamla İsgəndərovun 6 illik vəzifəsinə son verdi.
Əslində, o, 2015-ci ilin mayında, Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən binanın yanmasından sonra istefa verməliydi. Lakin İsgəndərov istefa vermək əvəzinə, bir daha təsdiqlədi ki, onun da bəzi yüksək vəzifəli məmurlar kimi leksikonunda “istefa” sözü yoxdur.
Sanki kimlərsə onu vəzifədə saxlamaq üçün Xaləddin İsgəndərovu “alkopan”ladılar, onu yanan bina kimi bəzəyib, sudan quru çıxartdılar. Bu məsələdə onun sabiq vergilər naziri Fazil Məmmədovla qohumluq əlaqələrinin rol oynadığı da istisna deyil.
Əvəzində isə İsgəndərov faciənin baş verdiyi ərazidə əlində tutduğu “Vertu Signature Pure Black” markalı telefonla gündəmə gəldi. Sorğu-sual olundu ki, həmin vaxt aylıq maaşı 937 manat olan olan icra başçısı 15 minlik telefonu necə alıb? Əslində sualın cavabı göz önündə – yanan “alkopon”larda idi…
İsgəndərov bu suallara mütləq cavab verməlidir… Ən azından öz ölkəsinin paytaxtında yanan insanlara görə… Axı o insanlar Binəqədidə yaşayırdılar…
Postundan göndərilən İsgəndərov təkcə bununla gündəmə gəlmədi. Onun Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması zamanı da dövlət pulunu mənimsədiyi ilə bağlı xəbərlər yayıldı. İddialara görə, o, parkın salınması zamanı 28 milyon manat mənimsəmişdi. Halbuki həmin vəsaitlə bir şəhərçik salmaq olardı. 28 milyonu mənimsəməklə kifayətlənməyən İsgəndərov, parkdakı kafe və restoranları “dədə malı” kimi oğlunun mülkünə çevirdi.
Yəqin ki, “vurulan” icra başçısı vəzifədə ikən özünə villalar tikdirməsəydi, Azərbaycan tarixində bir ilk yaşanacaqdı. O da istər Bakıda, istərsə də, bölgələrdə milyonluq villaları ilə gündəmə gələn icra başçılarından oldu. Özü də o, bunu “ev sökən” icra başçısı statusunu qazanmaqla bacardı…
Emin Səfərov
www.yenicag.az