Xalq artisti: “Dedi, anam bilsə, sizdən pul götürdüm, məni öldürər”

“Ata ocağı”ndakı ata Nazimlə aramızda oxşar cəhətlər var; hər ikimiz ailəni qorumaq, övladlarımızın xoşbəxt olmasını istəyirik, çalışırıq, xeyirxahlıq edək, insanlara yaxşılıq etmək niyyətindəyik və s. Amma şükür ki, Nazim kişinin başına gələnlər mənim başıma gəlməyib”.

Bunu yeni mövsümə başlayan “Ata ocağı” serialının baş qəhrəmanı, Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor bu obrazın ona uğur və populyarlıq gətirdiyini bildirib:

“Aktyorun ən böyük istəyi səhnədə, çəkiliş meydançasında olmaqdır. Mən də bu seriala çəkilməkdən zövq alıram. Artıq 5-ci mövsümə başladıq. Bəzən yazırlar ki, serial çox uzanır. Əgər bir ekran işi reytinq gətirirsə, maraqla izlənilirsə, demək ki, davamının çəkilməsinə ehtiyac var. Amerikada 1958-ci ildə çəkilən serial bu gün də davam edir. Qaldı ki, “Ata ocağı”na, bu obraz, məni izləyicilərə daha yaxından tanıtdı. Bu yaxınlarda təsərrüfat malları mağazasında alış-veriş edirdim. Pulunu da verdim. Satıcı oğlan dedi, anam bilsə ki, sizdən pul götürdüm, məni öldürər. Çox olur belə şeylər, insanlar məni görəndə həmişə sevgisini ifadə edirlər”.

Cəvahir