“Bu zərərli vərdişlərlə özləri öz tərbiyələrini pozurlar…”
Bu sözləri Yenicag.az-a danışarkən tanınmış aktyor, Xalq artisti Yasin Qarayev sosial şəbəkələrlə bağlı deyib.
Aktyor “sosial şəbəkələr teatra olan marağı üstələyə bilirmi” sualını cavablandırıb:
“Dediyiniz məsələ tək bizi yox, bütün dünyanı düşündürən bəladır. Bir zamanlar insanlar nəqliyatda qəzet, kitab oxuyar, dərsə imtahana hazırlaşardılar. Qadınlar, qız-gəlinlər, metroda avtobusda corab, şərf, jaket toxuyardılar. İndikilər isə “TikTok”a baxırlar… Bu zərərli vərdişlərlə özləri öz tərbiyələrini pozurlar. Küçədə, yolda, insanların istirahətini, balaca uşaqların tərbiyəsini, cavanların əxlaqını, sürücülərin həyatını pozurlar”.
Sənətçi əlavə edib ki, bu, bir vaxtlar dünyanı caynağına alan koronavirusdan da təhlükəlidir:
“Qaldı ki bu “virus”un teatr və kinonu üstələməyinə, mən buna inanmıram. Mən də elə fikirləşirdim ki, teatrlar tənəzzülə uğrayacaqlar, əksinə, bu gün teatrlarda tərəqqi daha çox hiss olunur. Sadə bir misal çəkim: bizim axşam tamaşalarına gəlsəniz, bilet tapa bilməyəcəksiniz. “Antiqona”, “Balaca kişilər”, “Mən Feyerbaxam”, “Don Rafael trambonçu”, “Qaraca qız”, “Leyli və Məcnun”, “Fiqaronun toyu” və s. İnanın ki, 44 günlük zəfərimizdən sonra insanlarda böyük inam, mədəniyyət və incəsənətə meyl çoxalıb və teatrsevərlərimizin sayı “TikTok”erlərdən çox olub”.
Cəvahir
www.yenicag.az