“Sən mənə aşiq olmağı öyrətdin. Sevməyi öyrətdin. Sevdim səni, çox sevdim.Heç bir təpkiyə, dedi-qodulara baxmadan sevdim səni. Çünkü inandım sənə, inandırdın məni…”
Bu sözləri Yenicag.az-a əməkdar artist Mehriban Abdullayeva həyat yoldaşı, mərhum rejissor, xalq artisti Ağakişi Kazımovun xatirə günündə kədərini bölüşərkən deyib. O, həyat yoldaşının yoxluğu ilə heç cür barışa bilmədiyini bildirib:
“Sənsiz keçən iki il… Sən mənə teatrı, səhnəni sevməyi öyrətdin. Bu sənətin incəliklərini, dərinliyini, qarşıma çıxacaq çətinlikləri öyrətdin. Dözümlü, səbrli, möhkəm olmağı öyrətdin. Mən də heç nəyə baxmadan bu yolu getdim. Çünkü yanımdaydın, sənə inanırdım, arxayın idim. Sən mənə aşiq olmağı öyrətdin. Sevməyi öyrətdin. Sevdim səni, çox sevdim. Heç bir təpkiyə, dedi-qodulara baxmadan sevdim səni. Çünkü inandım sənə, inandırdın məni. Amma bir gün məni tək qoyub, bu dünyadan köçüb gedəndə nə edəcəyimi, necə yaşayacağımı öyrətmədin mənə. Səndən sonra bu yolda tək-tənha necə addım atacağımı öyrətmədin mənə. Getdiyim hər yerdə, hər küçədə, hər cığırda sənin izin var, bunları unutmağı öyrətmədin mənə. İndi anladım ki, mən ən əsas bunları oyrənməliydim. Öyrətmədin. Daim yanımda olub ən çətin anlarımda yardımçım oldun. Arxayın oldum sənə. İndi bu fani dünyada düşdüyüm çətinlikləri aradan qaldırmaq istəyəndə, yenə səni axtarıram. Mənə həmişə olduğu kimi öyrətməyini istədim. Səni heç vaxt tək qoymayacağam dedin, amma sözünü tutmadın. Getdin səssiz, səmirsiz. Axı mənə öyrədəcəyin hələ çox şey var idi”.
Cəvahir
www.yenicag.az