“20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biridir. O qanlı gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli-azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil oldu. Adamlar həmin gecə qorxmadılar, rejimin, düşmənin əleyhinə çıxdılar və azadlıq uğrunda canlarını fəda etdilər. Onlar əbədi yaşayacaqlar.
Bunu 20 yanvar faciəsi ilə bağlı fikirlərini bölüşərkən Xalq şairi Vahid Əziz Yenicag.az-a açıqlamasında deyib.
V.Əziz həmin günü belə xatırlayıb:
“32 il əvvəl azadlıq uğrunda mübarizəyə qalxan xalq 44 günlük 2-ci Qarabağ müharibəsində zəfər çaldı və bu gün qalibiyyət qazanmış xalq həm hüzn gününü, həm də qəhrəmanlıq tarixini qeyd edir. Yadımdadır ki, həmin gün möhkəm qar yağmışdı. Professor Yaşar Qarayevlə mənim evim yaxın idi, onunla bir yerdə metroya tərəf getdik. Metronun girişinə çatanda tankların üstündə əsgərləri gördük, hamısının da başında parik var idi. Metronun digər çıxışında gördük bir dəstə adam vətənpərvər ruhlu mahnılar oxuya-oxuya gəlir. Tankın üstündəki silahlılardan biri avtomatın qundağını yerə vurub mənə qışqırdı. Rus dilində mən də onlara qışqırdım ki, ay alçaqlar, bəsdirin də, dinc, əliyalın insanları qırdınız.
Çox qəribədir ki, 32 ildə ilk dəfədir ki, məhz 20 yanvar günü qar yağır. Mənim “Qorxudulmuş qar” adlı bir şeirim də var”.
Cəvahir
www.yenicag.az