Xameneyiyə qarşı şüarlar, kəsilən yardımlar və TEHRANIN GÜCÜ: İranda rejim dəyişəcəkmi?
“Etiraz aksiyalarının yaxın perspektivdə ciddi siyasi dəyişikliklərə gətirib çıxaracağı ehtimalı zəif görünür”
Bunu Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib.

O, İranda baş verən etiraz aksiyalarında iştirakçıların rejimi devirəcəyi ilə bağlı yaranan ümidlər barədə fikirlərini səsləndirib.
S. Soltan bildirib ki, etiraz aksiyalarını yatırtmaq üçün Tehran hakimiyyətinin kifayət qədər güc və resursa malik olduğu görünür:
“Hakimiyyətin indiyədək tətbiq etdiyi tədbirlər də bunu təsdiqləməyə əsas verir. Bu amillər göstərir ki, ölkə daxilində vəziyyət nəzarət altındadır. İranın bütün bölgələrində, o cümlədən sərhədlər daxilində nəzarətin qorunması, dövlət və təhlükəsizlik strukturlarının normal fəaliyyət göstərməsi onu deməyə əsas verir ki, dövlət idarəçiliyi nəzarətdən çıxmayıb. Bu baxımdan rejimin qısa müddətdə dəyişəcəyi, yaxud hakimiyyətin təkcə hökumətin deyil, ümumilikdə siyasi rəhbərliyin istefaya gedəcəyi ehtimalı aşağıdır.
Lakin kənar müdaxilə baş verərsə, İranda hadisələr daha sürətli və fərqli istiqamətdə inkişaf edə bilər. Bununla belə, mövcud şərait yeni və genişmiqyaslı xarici müdaxilə üçün ciddi əsas yaratmır.
Hazırkı etiraz aksiyalarında iştirak edənlərin əsas tələbləri daha çox iqtisadi, maliyyə və sosial-mədəni xarakter daşıyır. İndiyədək kütləvi şəkildə ciddi siyasi şüarlar irəli sürülmür. Yalnız Xameneyinin istefası və ona qarşı səsləndirilən radikal şüarlar müşahidə olunur. Digər tələblər isə əsasən inflyasiya, Qəzzaya, Fələstinə, həmçinin “Hizbullah”a yardımların dayandırılması ilə bağlıdır.
Bu səbəbdən, etiraz aksiyalarının yaxın perspektivdə ciddi siyasi dəyişikliklərə gətirib çıxaracağı ehtimalı zəif görünür”, — deyə o bildirib.
Nəsimi Ələsgərli












