Xankəndi Zəfər parkındakı 44 pilləkəndə azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb
Xankəndi şəhərində istifadəyə verilən Zəfər parkındakı 44 pilləkəndə azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb.
“Report”un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
O, ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməlinin bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulduğunu və dövlət başçısının iyulda burada görülən işlərlə tanış olduğunu xatırladıb:
“Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb”.
A.Telmanqızı parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirildiyini, fəvvarələrin yaradıldığını, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırıldığını diqqətə çatdırıb:
“Bundan başqa, inşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib”.
Bildirilib ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir. Parkda yaradılan şərait Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək.
Qeyd edək ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.












