“XC-nin Ə.Kərimliyə aidiyyatı yoxdur”

media-hightechnic-468x90

347“Xalq Cəbhəsinin Əli Kərimliyə aiddiyyatı yoxdur”

Sərdar Cəlaloğlu: “Xalq Cəbhəsinin başında dayananlardan biri də mən olmuşam”

AXC-nin 25 illik yubileyi ilə bağlı AXCP tərəfindən təşkil edilən tədbirdə ADP sədri Sərdar Cəlaloğlunun nitqinin yarıda kəsilməsi ölkə siyasiləri tərəfindən sərt reaksiyalara səbəb olub. Baş verənlərin əxlaqi-siyasi baxımdan yolverilməz olduğunu vurğulayan əksər müxalif partiya yetkililəri, buna görə AXCP rəhbərliyini tənqid edib.
Moderator.az olaraq S.Cəlaloğlu ilə söhbətimizdə baş verənlərə aydınlıq gətirməyə, məlum olayla bağlı partiya sərdinin öz qənaətini öyrənməyə çalışdıq.

– Sərdar bəy, yubiley tədbirində baş verənlərlə bağlı nə deyə bilərsiniz? Sizcə məlum olaylar əvvəlcədən planlaşdırılmışdı, yoxsa hadisələrin gedişatı nəticəsində meydana çıxdı?

– Bu, qabaqcadan hazırlanan hərəkət idi. Mən koridora çıxandan sonra içəridən bir neçə AXCP-çi gənc çıxdı. Onlardan 1-2-si cəbhənin adından məndən üzr istədilər. Onlar bildirdilər ki, sizə fit verənlər sizi heç dinləmirdi də. Amma biz sizi yaxşı dinləyirdik və nə dediklərinizi də yaxşı anlayırdıq. Bundan sonra bir qız mənə dedi ki, Rəyasət Heyətindən bir gənci çağırıb onun qulağına nə isə pıçıldadılar və həmin şəxs gənclərə nə isə deyəndən sonra zalda fit səsləri və şüarlar eşidilməyə başladı. Bu baxımdan məlum hadisə yüzdəyüz təşkil olunmuşdu. Mən onların bu cür priyomlarının olduğunu bilirdim. Əslində danışmaq niyyətim də yox id. Lakin Ə.Kərimlinin müavini mənə dedi ki, Əli bəy xahiş edir ki, çıxış edəsiniz. Bundan sonra çıxış elədim. Onu da bildirim ki, Ə.Kərimlinin məlum tədbirinə partiya sədrlərindən məndən başqa heç kim getməmişdi. AXC-nin İdarə Heyətinin bir nəfər də olsun üzvü orada iştirak etmirdi. Bir Leyla xanım idi, hansı ki, onu da vaxtiylə qovmuşdular. Orada AXC adına kimsə yox idi. Bu, sadəcə Ə.Kərimlinin partiyasınıən tədbiri idi və adını AXC tədbiri qoymuşdu. Özü də elə təqdim edir ki, guya AXCP AXC-nin varisidir. Amma Ə.Kərimli Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunmayılb. Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan şəxslərdən tədbirdə heç kim yox idi.

– Heç bir partiya sədri tədbnirdə iştirak etmirdi. Maraqlıdır, sizi bu tədbirdə iştirak etməyə nə vadar etdi?

– Həmin tədbirdən bir gün öncə Müsavat bu tədbiri keçirmişdi və bütün əsas adamların hamısını ora dəvət etmişdilər. Mən görürdüm ki, Ə.Kərimlini təkləyirlər. Mən Azərbaycan siyasətində təklənən insanların yanında olmağa çalışıram və kimisə bu cür təkləməyi düzgün hesab etmirəm. Bu prosedurun özünü düzgün saymıram. Buna görə də tədbirə getdim. Bizim partiyadan həmin tədbirə dəvət alan yoldaşlarla tədbirdə iştirak etdim.
Çıxışımda qeyd etdim ki, biz AXC-nin hakimiyyətə gəlməsinin dəqiq səbəblərini bilməsək, bu gün hakimiyyətə gələ bilmərik. Mən o dövrdə Şərqi Avropada, SSRİ-də baş verən hadisələrə diqqət çəkdim. Məsələnin SSRİ hissəsinə Leyla xanım toxunmuşdu və buna görə də mən bu fikirləri bir qədər də genişləndirərək bildirdim ki, o vaxt Şərqi Avropada da böyük hərəkatlar gedirdi. Bu hərəkatda iştirak edən liderlərin fikirlərini Ə.Elçibəy eşidəndə, bundan olduqca təsirlənirdi. Yəni Azərbaycanın özündə məhdud mili hərəkat yox idi. Bu, bütün SSRİ-də və Şərqi Avropada baş qaldıran bir hərəkat idi. Mən qeyd etdim ki, bu gün də hər şeyi yalnız Azərbaycan çərçivəsi ilə düşünmək olmaz. Dünyada baş verən qlobal hadisələri nəzərə almalıyıq. XC və Müsavatın öz siyasətində qlobal amilləri nəzərə almaması ona gətirib çıxartdı ki, müxalifət mövcud duruma düşdü, siyasi maarif, siyasi mədəniyyət tənəzzül etdi. Çünki onların məsələlərə yanaşma tərzi yanlışdır. Bundan sonra qeyd etdim ki, Azərbaycan tarixini yalnız M.Ə.Rəsulzadə və Elçibəy arasındakı tarix kimi qəbul etmək yanlışdır. Rəsulzadədən Elçibəyə qədər Azərbaycanın müstəqillik əldə etməsində çox böyük xidmətləri olan tarixi şəxsiyyətlər var.

– Sizcə hansı olaylar 1988-ci il hadisələrinin meydana çıxmasını sitimullaşdırıb,bunun üçün zəmin hazırlayıb?

– Öncə onu deyim ki, 1937-ci ildə güllələnən ziyalılarımızın hamısı milli təfəkkürə malik insanlar idi. 1956-cı ildə Mustafa İmanov və Mirzə İbrahimov Azərbaycan dilini qoruyub saxlamağa cəhd etdikləri üçün Moskvadan ciddi təzyiqlərə məruz qaldılar. Ziya Bünyadovun rəhbərliyi altında mədəni maarifləndirmə hərəkatı olub. Onlar institutları, yataqxanaları gəzir, insanlara Cənubi Azərbaycandan, Azərbaycan tarixindən söhbətlər edirdi. Hansı ki, bu söhbətlər bizi ruhlandırırdı. Bundan sonra Xəlil Rzanın, Sabir Rüstəmxanlının iştirakı ilə maarifləndirmə dövrləri olub. Bu insanlar camaat arasında siyasi iş aparıbdır. Yalnız bunlardan sonra xalq hərəkatı meydana gəldi. Biz ona görə bu gündəyik ki, əhali arasında maarifləndirmə işi aparmırıq. Əhalinin səviyyəsi siyasi baxımdan çox aşağıdır. Bu günkü Azərbaycanla 1988-ci ildəki Azərbaycanı müqayisə eləsək, görərik ki, o vaxtkı Azərbaycan insanı indikilərdən siyasi baxımdan qat-qat aktivdir. Onlar düşüncəli insanlar idilər və dünyada baş verən hadisələri dərhal anlayırdılar. Mən qeyd etdim ki, Azərbaycanın dövlətçilik tarixini M.Ə.Rəsulzadə ilə məhdudlaşdırmaq olmaz. Azərbaycanın çox böyük dövlətçilik tarixi var. Xiyabaniyə, Qacara, Nadir şaha sahib çıxmalıyıq, onların təcrübəsini öyrənməliyik. Biz yalnız bu şəkildə doğru bir gələcəyə doğru addımlaya bilərik. Ə.Kərimli deyir ki, gənclik keçmişə baxmadan gələcəyə doğru can atır, gələcəyə gedir. Halbuki, gələcəyə doğru bir şəkildə getmək üçün keçmişə baxmaq lazımdır. Ə.Kərimlinin iddia etdiyi kimi, tarixə arxa çevirmək, tarixi unutmaq olmaz. Gənclik tarixə enməli, oradakı ruhla qovuşmalı və bu ruhu götürüb özü ilə gələcəyə aparmalıdır. Bunu mən demirəm. Bunu elm deyir. Elmi şəkildə sübut olunub ki, bir xalqda ki, tarixi ruh yoxdur, onun gələcəyə getmək şansı yoxdur. Bu hissədə fit çalmağa başladılar. Mən bildirdim ki, bu zalda 2-3 adam hörmət etdiyim üçün onların xətrinə çıxışımı başa çatdırmaq istəyirəm. Yoxsa bu cür tərbiyəsizlik qarşısında çıxış eləmərəm. Mən sizin alqışınıza və ya nifrətinizə görə də öz çıxışımı dəyişən deyiləm. Mən düşündüyümü deməliyəm və düşündüyümü də deyirəm.

– Tədbirdə AXCP sədri digər partiyaları qrup maraqlarından çıxış etməkdə də ittiham etdi…

– Bəli. Ə.Kərimli bildirdi ki, digər partiyalar öz qrup maraqlarından çıxış edir. Yalnız biz partiya olsaq da hərəkatçılığımızı saxlamışıq, çünki biz hər bir azərbaycanlının mənafeyindən çıxış edirik. Təsəvvür edin ki, özü məni tədbirə dəvət edib, özü çıxış etməyim üçün xahiş edib və tədbirdə özünün təşkil etdiyi 5-10 nəfər mənə çıxış etməyə imkan vermir və bu da baş verənlərə şahid ola-ola demir ki, sakit olun, qoyun nitqini başa çatdırsın. Bəs söz və fikir azadlığı nədən ötrüdür?

– Sizcə Əli Kərimli bununla nə qazandı?

– Məncə bunu Ə.Kərimlinin özündən soruşmaq daha doğru olar. Öncə onu deyim ki, oradakı uşaqların 90%-nin atası yerindəyəm, bir çoxlarının isə atasından da böyüyəm. Ikincisi, Ə.Kərimlinin özündən də yaşca böyüyəm. Üçüncüsü, mən bir partiya sədriyəm. Dördüncüsü, qonaq idim. Beşincisi, sən özün məndən xahiş etdin ki, çıxış elə, mən də etdim. Mən bu tədbirə gəlməyə də bilərdim, necə ki, heç kəs gəlmədi. Sən elə bir xarakterdəsən ki, bir nəfər partiya sədri sənin tədbirinə gəlmədi. XC-nin İdarə Heyətində təmsil olunan adamlardan heç biri Ə.Kərimlinin tədbirində yox idi. Əgər Əli bəy özü hadisələrə düzgün qiymət vermək bacarığında olsaydı, baş verənlərdən bir nəticə çıxardardı. Lakin mən yenə də tədbirdə iştirak etməyə qərar verdim. Baxmayaraq ki, Ə.Kərimlinin yanlış düşündüyünü, yanlış yolda olduğunu bilirdim. Amma buna baxmayaraq onun tək qalmasını istəmədim. Buna görə də o tədbirə getdim. Mənim bu xeyirxah niyyətimin müqabilində isə bu şəxs belə bir addımı atdı. Bu ona bənzəyir ki, bir adammı evinə qonaq çağırasan və sonra başlayasan onu təhqir etməyə.

– Eyni hadisə bir başqa partiya sədrinə qarşı ADP qərargahında və ya ADP-nin təşkil etdiyi tədbirdə baş versəydi hansı addımı atardınız?

– Əgər belə bir hadisə mənim rəhbərlik etdiyim partiyada olsaydı, həmin adamların məlum addımlarının qarşısını alar, dərhal qarşı tərəfdən üzr istəyərdim. Bu tədbir də sənindir, bu qonaqlar da sənindir. Əli bəy özü-özünə zərbə vurdu. Mətbuat baş verənlərlə bağlı məndən soruşur və mən məcburam ki, həqiqəti deyəm. Indi özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, Sərdar bəy səviyyəsiz çıxış edib. Birincisi, mənim nə dediyim bəllidir və çıxışımın mətni mənim hansı səviyyədə nitq söylədiyimi göstərir. Ikincisi, səviyyəli və ya səviyyəsiz, mən bu cür düşünürəm və bu cür danışıram. Mən “Yaşasın AXCP” və ya “Yaşasın Əli bəy” deyəsi deyiləm ki. Mənim öz ağlım var və mən bilirəm ki, Ə.Kərimlinin XC-dəki rolu nədən ibarətdir. Onun Elçibəyə münasibəti nədən ibarət olub. O, hansı işlərlə məşğul olub. Sonrakı dönəmlərdə iqtidara münasibəti necə olub və s. Bütün bunların hamısı mənə məlumdur. Artistlik etmək, maska taxmaq mənlik deyil. Buna mənim nə yaşım, nə də ağlım yol verməz. XC-nin Ə.Kərimliyə aidiyyatı yoxdur. XC-nin başında dayananlardan biri də mən olmuşam. Mən XC-nin qələbəsinin səbəblərindən danışdım. Bunlar isə başqa şey gözləyirdi. Gözləyirdilər ki, mən çıxım deyim ki, “Yaşasın Əli Kərimli”, “Yaşasın AXCP”, “ “Elçibəydən sonra Azərbaycanın xilası Ə.Kərimliyə bağlıdır” və s. Yəqin ki, belə şeylər gözləyirdilər. Bunları eşitmədikləri üçün də fit verməyə başladılar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600