Xəzərdə itkin düşən balıqçıların axtarışına dalğıc-xilasedicilər cəlb edildi

Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışı davam edir.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, ötən gün səhər saatlarında Bakının Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.

Yaxınlarının verdiyi məlumata əsasən, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.