!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xırdalandakı “Zigilpiri” vulkanı yenidən püskürə bilərmi? – Reportaj

!Reklam – Yazi
img2001334Azərbaycan dünyada palçıq vulkanlarının sayına görə ilk yeri tutur. Ölkəmizdə 300-dən çox palçıq vulkanı var. Palçıq vulkanlarının az bir hissəsində aktivlik müşahidə olunur. Təbiət hadisəsi olan vulkan püskürməsinin ölkəmizdə ən böyük təhlükəsi bu təpələrin yaxınında yaşayış evlərinin olmasıdır. 2014-cü ildə Binəqədidəki “Keyrəki” vulkanının püskürməsindən sonra onlarla ailə belə bir təhlükə ilə üz-üzə qalıb. Aktiv olan vulkanın püskürməsi nəticəsində onlarla ev lavanın altında qala bilər.
Qanunla vulkanik təpələrə yaxın 1-1.5 km məsafələrdə yaşayış evlərinin tikintisi qadağandır. Lakin Qobustan və Binəqədi rayonlarında bu qadağaya əməl olunmur. Azərbaycanda başqa bir vulkan təpəsi da var ki, ora bu dünyadan köçənlərin yeridir. Bu vulkan təpəsinin yaxınlığında yaşayış evləri olsa da, əsas hissəsi qəbristanlıqlardır. Xırdalan şossesində yerləşən bu yer “Zigilpiri” vulkanı adlanır. Bura daha çox vulkanik təpə kimi yox, Xırdalan qəbiristanlığı kimi tanınır. Çox az insanın buranın vulkanik təpə olması barədə məlumatı var. Bu vulkanın sonuncu dəfə nə zaman püskürməsi haqda məlumatı olan canlı insan yoxdur. Eşidənlər, məlumatı olanlar isə iddia edir ki, bu vulkan ən son bir neçə yüz il əvvəl püskürüb.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev vulkanın püskürməyəcəyini deyib. Professor fikrini belə izah edib ki, qəbirlərin sayı çoxdur və qəbirlər qazılarkən o qədər beton tökülüb ki, onun püskürmə ehtimalı yoxdur. “Keyrəki” palçıq vulkanının da püskürməyəcəyi bildirilmişdi. Lakin 2014-cü ildə vulkan heç kimin gözləmədiyindən də təhlükəli şəkildə püskürdü.
Professor belə düşünsə də, ətəyində minlərlə qəbir olan bu dağda ara-sıra sürüşmələr olur.
Musavat.com-un əməkdaşı Xırdalan qəbristanlığında sürüşmələrin olduğunu müşahidə edib. Təpənin bəzi hissələrində torpaq altında boşluqların olması qəbirlərin qazılması və yağış suları sürüşmələrə səbəb olur. Bunu qəbristanlıqda olarkən söhbətləşdiyimiz mollalar da təsdiq edir. Həmçinin əraziyə diqqətlə nəzər saldıqda sürüşmə ərazilərini görmək mümkündür.
Sovet hakimiyyəti dövründə təpənin zirvəsində hərbi bazanın olduğu deyilir. Bunu sübut edən avadanlıqlar, tikintilər də son 10-15 il ərzində burada olub. Lakin sonradan təpənin ətəyində qəbirlər çoxaldıqca həmin sübutlar da məhv edilib. Qəbristanlıqda olan mollalarla söhbət edərkən onlardan yalnız biri- yaşca böyük olanı buranın vulkan təpəsi olduğunu bildi. O da professor kimi, bu dağda püskürmə olmayacağını dedi. Səbəb isə onu göstərir ki, əgər bu vulkanın püskürmək ehtimalı olsa idi sovet hakimiyyəti dövründə burada hərbi baza salınmazdı.
İndi bu təpənin zirvəsində “Seyid Əşrəf ağa ziyarətgahı” var. Ziyarətgaha Seyid Əşrəf ağanın qızı Şəfaqət xanım nəzarət və rəhbərlik edir. Ondan öyrənə bildiyimiz məlumat belədir ki, ziyarətgah 2001-ci ildə inşa edilib. Seyid Əşrəf ağa isə 1999-cu ildə rəhmətə gedib. Ziyarətgah xeyriyyəçi bir şəxs tərəfindən inşa edilib.
Məlumata görə, əslən Şuşadan olan ağa Seyid Həşim ağanın nəvəsidir. Seyid Əşrəf ağa Füzulidə böyüyüb, rayonda böyük nüfuz sahibi olub. Qızı deyir ki, seyidlik onlara kökdən- Seyid Kazım ağadan gəlib: “Seyid Həşim ağadan da seyidlik atama çatıb. Seyid Əşrəf ağa tanınmış, sınanmış seyiddir. 7 yaşından ona seyidlik verilib. Bu ziyarətgahı bilənlər çoxdur. Azərbaycanın hər yerindən gələnlər var. Amma ən çox Füzulidən olanlar, bilənlər gəlir. İnsanlar bura niyyət edib gəlirlər”.
Bu dağ zirvəsinə qədər qəbirlərlə örtülüb. Artıq dağın ərazisində boş yer tapmaq mümkün deyil. Dağın zirvəsinədək avtomobil yolu var. Alimlər və çörəyi bu qəbristanlıqdan çıxanlar vulkan dağının nə zamansa püskürə biləcəyinə inanmır. Lakin bu dağın zirvəsindən görünən, onunla paralel olan “Keyrəki” vulkanı 2 il əvvəl bütün bu deyilənləri alt-üst etdi. Püskürmə ehtimalının olmadığı deyilən bu vulkanın lavası yüz metrlərlə məsafəyə yayıldı…
İlkin Muradov
Musavat.com 









COP29

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv