Azərbaycan Respublikasının Qırğız Respublikasındakı SəfirliyindəXocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri və Qırğızıstanın yerli KİV təmsilçiləri iştirak etmişdir.
Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalıya Ədalət” adlı sənədli film nümayiş etdirilmişdir.
Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək Xocalı soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat vermiş, hadisənin səbəbi və nəticələri barədə danışmışdır.
O qeyd etmişdir ki, Xocalı soyqırımı ermənilər tərəfindən ciddi şəkildə düşünülərək silahsız, mülki azərbaycanlılara divan tutularaq həyata keçirlmiş soyqırım əməliyyatı olmuşdur.
Ermənilər bu əməliyyat zamanı qocalara, qadınlara və uşaqlara rəhm etmədən tarixin ən ağır cinayətlərindən birini törətmişlər. Erməni canilərinin bu qəddarlığın səbəbi isə Azərbaycan xalqının iradəsini qırmaq, qorxutmaq idi. Bunu Ermənistanın sabiq prezidenti, o dövrdə Qarabağda erməni separatçılarna rəhbərlik edənlərdən biri olmuş Serj Sarkisyan məşhur britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində özü etiraf etmişdir.
Bu soyqırımında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, erməni millətçiliyinin lideri Zori Balayan birbaşa iştirak etmişlər. Bu şəxslər xalqımıza qarşı cinayət törətmiş və bu səbəbdən onlar tökülən günahsız qanlara görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Bizim əsas borcumuz soyqırım qurbanlarının xatirəsini unutmamaqdır, unutduğumuz təqdirdə biz gələcəkdə yenidən belə faciələrlə qarşılaşa bilərik.
Səfir qeyd etmişdir ki, Azərbaycan xalqı Ali Baş Komandan, Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qalibiyyət müharibəsi aparmaq üçün uzun müddət yüksək səviyyədə hazırlıq aparmış, dünyada gedən prosesləri dəyərləndirərək əks-hücum vaxtını düzgün müəyyənləşdirmiş, düşmənə 44 günlük Vətən müharibəsində qalib gəlmişdir. Növbəti 3 il ərzində Azərbaycan tərəfinin sülh çağırışları cavabsız qaldıqda, düşmən öz mövqelərini möhkəmləndirməyə və yeni qüvvələr yerləşdirməyə başladıqda, düşmən nəzarəti altında qalan ərazilərimizi minalamağı genişləndirdikdə 2023-cü ilin sentyabr ayında 1 günlük antiterror əməliyyatı nəticəsində xalqımıza qarşı 200 ildən artıq davam edən ədalətsizliyə son qoymuşdur.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə apardığı bərpa-quruculuq işlərinin nəticəsi olaraq insanların öz doğma yurdlarına qayıdışı prosesi uğurla həyata keçirilir.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olmuş, onlara səfirliyin hazırladığı press-reliz təqdim olunmuşdur.
Eyni zamanda səfir Lətif Qəndilovun Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı Qırğızıstanın “Вечерний Бишкек” qəzetində “Народ Азербайджананикогда не забудет боль Ходжалы!” başlıqlı məqaləsi dərc edilmişdir.
www.yenicag.az