Yaralı əsgərlərimiz Türkiyəyə aparılacaq
Erməni kəşfiyyat-təxribat qruplarının cəbhədəki son hücum cəhdlərinin qarşısını alarkən, düşməni ağır itkiyə məruz qoyan Azərbaycan Milli Ordusu da şəhid verdi, xeyli əsgərimiz yaralandı. Bu gərgin günlərdə Türkiyə dövləti, hökumət rəsmiləri və qardaş ölkənin ictimaiyyəti müxtəlif səviyyələrdə Azərbaycana dəstək nümayiş etdirdi.
Türkiyə Silahlı Qüvvələrinin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müxtəlif qoşun komandanları Milli Ordumuzun Erməsitanın kəşfiyyat-təxribat hücumlarının qarşısını alarkən şəhid olmuş hərbçilərinin ölümünə kədərləndiklərini bildirib, başsağlığı verib, eyni zamanda yaralılarımıza şəfa diləyiblər.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayaraq, Türkiyə Silahlı Qüvvələri Komandanlığının Azərbaycan Müdafiə Nazirliyilə həmrəy olduğunu, Azərbaycana Türkiyə Silahlı Qüvvələrinin dəstək olduğunu ifadə ediblər.
Qardaş ölkə göstərdiyi bu dəstəklə, təklif etdiyi yardımla “Bir millət, iki dövlət” olduğumuzu bir daha təsdiqlədi.
Dünyanın 100-dən çox ölkəsində humanitar yardımlar göstərən Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan “Türk İşbirliyi və Koordinasyon Ajansı Başkanlığı” (TİKA) da bu gərgin məqamda Azərbaycan əsgərinə dəstəyini əsirgəmədi.
TİKA Qarabağ cəbhəsindəki son döyüşlərdə yaralanmış əsgərlərimizin xüsusi tibbi ambulans təyyarə ilə Turkiyəyə aparılaraq, ən yüksək səviyyədə müalicəsinin təşkilinin bütün məsrəflərini qarşılayacağı ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinə müraciət göndərib.
Müraciətdə bildirilib ki, bu məsələ Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Təyyub Ərdoğanın bilavasitə diqqətində olan mənəvi borc hesab edilir.
Doğrudur, Azərbaycan hökumətinin özü istər şəhidlər, istərsə də yaralı əsgərlərimizlə bağlı ən yüksək səviyyədə müvafiq addımlar atıb. Lakin TİKA-nın bu müraciəti iki qardaş xalqın və dövlətin hər zaman bir-birlərinin yanında olduqlarına, birliyinə növbəti nümunədir.
Bu, eyni zamanda erməni işğalçılarına və onları dəstəkləyən qüvvələrə bir mesajdir. Necə ki, bir müddən öncə Praqada dövlət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının sammitində Azərbaycan prezidenti İlham Əliyev erməni dövlət başçısı Sərkisyanın Türkiyəni ittiham etməsinə sərt reaksiya verərək, “burada Türkiyə yoxdur, mən varam” deyib, onu susdurmuşdu.
Avqustu 9-da TİKA-nın müraciəti və dəstəyi əsasında Azərbaycanın 3 yaralı əsgəri Ankaradan göndərilmiş xüsusi tibbi təyyarə ilə Türkiyəyə müalicəyə yola salınacaq(modern.az).