“Yaranmış şəraitdə daxili siyasi və milli həmrəyliklə bağlı hər hansı…” – Partiya sədri

“Fəaliyyətdə olan bütün partiyalar bu terror hücumuna öz münasibətlərini bildirərək dövlətin yanında dayandılar”.

Bu fikirləri İranın artan təxribatları fonunda ölkədə daxili siyasi dayanıqlılığın vəziyyəti haqda danışan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Azərbaycan cəmiyyəti bütün həssas dönəmlərdə olduğu kimi, indi də həmrəydir:

“Həqiqətən də, ölkə olaraq çox həssas dönəmdəyik. Tehrandakı səfirliyimizə edilən hücumdan sonra Azərbaycan cəmiyyətinin ümummilli məsələdə bir araya gəlməsinin növbəti dəfə şahidi olduq.

Bu şəraitdə cəmiyyətin bir parçası olan partiyalar da dövlətçilik mövqeyindən çıxış etdilər. Bildiyiniz kimi, fəaliyyətdə olan bütün partiyalar bu terror hücumuna öz münasibətlərini bildirərək dövlətin yanında dayandılar.

O baxımdan əminliklə deyə bilərik ki, yaranmış şəraitdə daxili siyasi və milli həmrəyliklə bağlı hər hansı problem yoxdur. Siyasi təşkilatlar da, fərdlər də, hər kəs öz məsuliyyətini dərk edir”.

A.Zeynalov