Paytaxtın Suraxanı rayonunda iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb və həmin şəxlər yaşadıqları evə qaytarılıblar.
Həmin şəxslər – Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini S.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
www.yenicag.az