“Yaxın günlərdə “Dərnəgül” Mübadilə Mərkəzi istifadəyə veriləcək” – BNA rəsmisi

“350 yeni avtobusun gətirilməsi planlaşdırılır ki, bunlardan da 20 ədədi 18 metrlik avtobuslar olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O, bu il agentliyin görəcəyi tədbirlər planı haqqında məlumat verib. Bildirib ki, bununla bağlı müvafiq işlər görülür və yeni avtobusların gətiriləcəyi planlaşdırılır:

“Yeniliklərimiz bir neçə istiqamət üzrə olacaq. Bu, həm sərnişindaşımada, həm yol hərəkətinin təşkilində, həm də taksi xidmətləri ilə bağlı məsələlərdə özünü göstərəcək. Məsələn, sərnişindaşıma ilə bağlı onu deyə bilərəm ki, bu ilin 1-ci yarısına qədər daha 700 avtobusun nağdsız ödəniş sisteminə qoşulması təmin ediləcək. Eyni zamanda təxminən 350 yeni avtobusun gətirilməsi planlaşdırılır ki, bunlardan da 20 ədədi 18 metrlik avtobuslar olacaq. Daha sonra bu yaxınlarda “Dərnəgül” Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi də gözlənilir.

Taksi fəaliyyəti ilə bağlı da bir sıra işlərin görülməsi nəzərdə tutulub. Məsələ ilə bağlı tam məlumat verə bilməsək də işlər görülüb qurtardıqdan sonra bu barədə mətbuata məlumat veriləcək”.

BNA rəsmisi həmçinin, paytaxtda yol hərəkətinin təşkili ilə bağlı bir sıra işlərin görülməsindən də danışıb:

“BNA yol infrastrukturu ilə bağlı Nazirlər Kabineti yanında Yol Təhlükəsizliyi komissiyasına 10-a yaxın təklif göndərib. Bu təkliflər daha çox yol kəsişmələri ilə bağlıdır. Bunlar Yusif Səfərov küçəsinin 28 May və Nizami küçələri ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi, Yusif Səfərov küçəsi ilə Fəzail Bayramov küçəsində geriyə dönmə yerinin təşkili, Təbriz küçəsi ilə İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində sola dönmələrin ləğv edilərək, nəqliyyat şəraitinin yaxşılaşdırılması, Bakıxanov qəsəbəsində Sakit Qocayev küçəsində müvafiq yol nişanlarının, işıqforun quraşdırılaraq yol hərəkətində dəyişikliklərin edilməsi, Heydər Məscidi ətrafında – İlqar Cümşüdov və Həmzə Babaşov küçələrində müvafiq yol nişanlarının, eyni səviyyəli piyada keçidlərinin quraşdırılmasıdır”.

Elvin Paşazadə

COP29