Yaxın Şərqdə dəyişən BALANS: Səudiyyə Ərəbistanı ABŞ-nin təsirindən çıxmağa çalışır?
“ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər artıq əvvəlki kimi deyil. Kənardan baxanda hələ də güclü görünür, amma daxildə vəziyyət fərqlidir”.
Bu fikirləri Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş Yenicag.az-a açıqlamasında səsləndirib.
Mütəxəssis son dövrlərdə regionda baş verən hadisələrin sözügedın müddəanı təsdiq etdiyini bildirib:
“Amerika hələ də köhnə vərdişləri ilə hərəkət edir, yəni istəyir ki, müttəfiqləri mühüm qərarlar qəbul edərkən onunla məsləhətləşsinlər. Səudiyyə Ərəbistanı isə artıq həmin xətdə deyil. Daha müstəqil davranır, öz yolunu cızır. Bu xüsusilə müdafiə sahəsində çox aydın görünür. Riyad artıq “təkcə arxamı ABŞ-yə dayayım” demir, həm də fərqli qapılar açmağa çalışır. Çünki bölgədə risklər artıb: İran məsələsi var, enerji balansı var, müharibələr var. Səudiyyəlilərin isə ağlındakı sual sadədir: “Həqiqətən, çətin anımızda ABŞ bizi qoruyar?” Bu sual yeni deyil, lakin artıq daha açıq şəkildə verilir. Çünki son illərdə yaşanan bəzi hadisələr bu inamı bir qədər sarsıtdı. Amerikanın reaksiyaları Riyad tərəfindən kifayət qədər güclü hesab olunmadı”.
E. Okumuşun sözlərinə görə, Səudiyyə Ərəbistanı özünü sığortalamağa çalışır, alternativlər axtarır, fərqli ölkələrlə təmaslar qurur, müdafiəsini şaxələndirir:
“ABŞ tərəfi üçün isə bu vəziyyət narahatlıq doğurur. Çünki Körfəz illərdir Amerika sisteminin mühüm hissələrindən biridir. Oradakı zəifləmə təkcə bölgəyə deyil, daha geniş bir balansa təsir edər. Amma məsələ sadəcə diplomatiya dili deyil. Daha dərində bir şeylər dəyişir. Artıq ölkələr tək bir gücdən asılı qalmaq istəmirlər. Xüsusilə də pulu və enerjisi olanlar… Daha çevik olmaq, lazım gəldikdə istiqaməti dəyişə bilmək istəyirlər. Səudiyyə Ərəbistanı da məhz bunu edir. Bu o demək deyil ki, “ABŞ ilə münasibətlər bitdi”. Amma köhnə nizam da yoxdur. Əvvəllər tənlik sadə idi: Təhlükəsizlik ver, sadiqlik al. İndi isə elə deyil. Daha çox bazarlıq, daha çox məsafə və hər kəsin cibində birdən çox seçim var. Yaxın Şərqdə balanslar səssiz-səssiz dəyişir. Böyük bir qırılma anı ilə deyil… yavaş-yavaş, etibar azaldıqca”.













