!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdəki proseslərə qlobal BAXIŞ: “Rusiya və Çin növbənin onlara çatacağını bilir”

!Reklam – Yazi

“İran da əzilsə, Fələstin məsələsi bağlanacaq və ərəb xalqları əbədi İsrailin köləsi olacaq”.

Bu sözləri Yenicag.az-a qlobal aləmdə baş verən prosesləri şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiya və Çin növbənin onlara çatacağını bilir.

“Əvvəl ABŞ və onun müttəfiqləri birinci dünya, SSRİ və onun müttəfiqləri ikinci dünya, digər dövlətlər isə üçüncü dünya adlandırılırdı. İndi isə bu dəyişib. Var mütəşəkkil qərb, bir də şərti olaraq cənub adlandırılan dövlətlər. Şimalda yerləşən Rusiya da cənub dövlətlərinin içərisindədir. Qərb tərəfindən istismar edilən, əzilən dövlətlər mütəşəkkil olmağa başlayıblar. BRİCS-in və Şanxay əməkdaşlıq təşkilatının yaranmasının da səbəbi budur. Bu dövlətlər BMT daxilində öz hüquqlarını müdafiə edə bilmirlər, Qərb hegomonluq edir. Ona görə də, hansısa bir format axtarırlar ki, orada birləşib, öz hüquqlarını müdafiə edə bilsinlər”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, İsrailin ABŞ-nin 51-ci ştatı olduğu hamıya bəllidir.

“İsrail ABŞ-nin Yaxın Şərqə ağalıq etmək üçün bir alətidir. Fələstin xalqının hüquqlarını, beynəlxalq təşkilatların qərarlarını tanımır. Yalnız üstünlüyündən istifadə edib əzir, öldürür. 7 oktyabr 2023-cü il HƏMAS-ın hücumu zamanı 1200 israilli, qeyri-israilli həlak olmuşdusa, onlar Qəzzada 42 mindən yuxarı adamı qətlə yetiriblər və buna da az deyirlər. İsrailə müqavimət göstərən insana, təşkilatlara, dövlətlərə terrorçu adı qoyur. Qərb mətbuatı da bundan sui-istifadə edir. Bu şəkildə onlar İranı terrorçu dövlət adlandırırlar. İran İsrailə hücum etmir, İran İsrailin hücumlarına cavab verir”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, İsrailə verilən cavabları ABŞ qəbul etmir.

“İsrail İranı vurur, ABŞ İrandan xahiş edir ki, cavab vermə, İsraili dilə tutaram. İran cavab verməyəndə İsrail gəlib Həsən Nəsurullahı öldürür. Pezişkian da deyir ki, ABŞ bizi aldatdı.

ABŞ donamasını gətirib İran ətrafına yığıb. Açıq bəyan edirlər ki, İsrail vurulsa, onlar da cavab verəcək. Belə olan şəraitdə ərəb dövlətləri nə qədər mürtəce olsalar da, görürlər ki, fələstinliləri yalnız İran müdafiə edir. İran da əzilsə, Fələstin məsələsi bağlanacaq və ərəb xalqları əbədi İsrailin köləsi olacaq. Belə şəraitdə onlar məcburdurlar ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatına öz ərazilərindən icazə verməsinlər. Digər tərəfdən, Rusiya və Çin də qəti şəkildə İranın və Fələstinin tərəfində durmağa məcburdurlar. Yoxsa, növbə onlara da çatacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv