Yazıçı ilə aktyor arasında QALMAQAL: "Həbsini yox, təzminat və üzr istəyirəm"
Tanınmış aktyor Kənan MM və yazıçı Orxan Saffari arasında yaranan mübahisə hüquqi müstəviyə keçib.
Yenicag.az xəbər verir ki, münaqişəyə səbəb yazıçının bir neçə gün öncə yazdığı tənqidi məqalədə aktyoru “heç kimə lazım olmayan aktyor” kimi qələmə verməsi olub. İddiaya görə, Kənan MM buna kəskin reaksiya verərək yazıçıya zəng edib, onu təhqir və təhdid edib. Daha sonra aktyor sosial şəbəkə hesabında yazıçının ailəsini aşağılayan və onu “ciyərini çıxarmaqla” hədələyən paylaşımlar edib.
Aktyorun bu addımı sənət camiəsində böyük etiraza səbəb olub. Tanınmış simaların kəskin tənqidləri və sosial şəbəkə istifadəçilərinin təzyiqindən sonra Kənan MM profilini dondurmaq məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən yazıçı Orxan Saffari hüquqi prosesə başladığını bildirib:
“Kənan MM zəng vurmuşdu, yenə eyni ritorika ilə danışdı. Amma sonradan profilini dondurdu. Məsələni dərhal ictimailəşdirdim. Hüquqi addım olaraq birmənalı şəkildə həbs edilməsini istəmirəm. Qanun özü həbs edəcəksə, buna da heç nə deyə bilmərəm. Mənim iddiam mülki iddiadır – təzminat davasıdır. Həmçinin ictimai formada yazdığı təhqir və təhdidə görə üzr istəməlidir.”
Yazıçı həmçinin vurğulayıb ki, heç kim bir yaradıcı insanı azad fikirlərinə görə təhdid edə bilməz: “Heç kim elə zənn etməsin ki, ölkə dərəbəylikdir.”
Nurlan Cəfəri













