Yeni kral və yeni şanslar-Səudiyyə Ərəbistanı
Elman Nəsirov: “Dəyişikliklər ancaq kosmetik xarakter ala bilər”
Səudiyyə Ərəbistanının kralı Abdullah vəfat etdi. Onun yerini isə qardaşı Salman tutub. Bu şəxsin isə islahatçı olduğu söylənilir. Belədirsə, yeni kralın taxta çıxması Orta Şərq və Ərəbistanda hansısa dəyişikliyin baş verə biləcəyini gözləmək olarmı?
Politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bildirdi ki, ciddi dəyişikliklərin ola biləcəyini düşünmür: “Ərəb dövlətləri içərisində Səudiyyə Ərəbistanının xüsusi yeri var. Bu ölkə faktiki olaraq, OPEK-də həlledici tərəfdir. Dünyadakı neft hasilatının 40 faizinə OPEK nəzarət edirsə, bunun da üçdə iisi Səudiyyə Ərəbistanının payına düşür. O baxımdan Səudiyyə Ərəbistanında hakimiyyət başında kimin olmağının məsələyə böyük aydiyyatı var. Abdullahın vəfatından sonra onu əvəzləyən şəxs də eyni sülalədəndir. Salmanın buna qədərki fəaliyyətində də daha çox konservativ deyil, bir qədər islahata meylli insan kimi tanınması, belə düşüncələrə əsas verir ki, öz fəaliyyətilə daha çox konservativ dövlət olan Səudiyyə Ərəbistanında yeni şəxsin hakimiyyətdə olması ilə müəyyən mənada həmin konservatizmə liberalizm elementləri əlavə oluna bilər. Bir şəxslə əsrlər boyu Səudiyyə Ərəbistanında formalaşan idarəçilik sisteminin dəyişilməsi inandırıcı deyil. Ancaq müəyyən mənada sərtliyin azaldılması, siyasətdə yumşalma elementlərin artması, ölkənin daha kompromisli siyasətə meylli olması kimi məqamlar ön plana çıxa bilər. Səudiyyə Ərəbistanının İranla münasibətləri ənənəvi olaraq kəskindir. Neftin qiymətinin ucuzlaşması ilə Səudiyyə Ərəbistanı həm də çalışır ki, əzəli və əbədi rəqibi İranı çökdürsün. Bu nöqteyi-nəzərdən yeni kralın simasında istisna deyil ki, ümumi yumşalma fonunda İranla da münasibətlərin sahmana salınması tendensiyası olsun. Onu da unutmayaq ki, burada ABŞ-ın hərbi bazası da var. Səudiyyə Ərəbistanının daxili və xarici siyasətində Vaşinqtonun ciddi təsir imkanı və potensialı var. Məsələyə bu kontekstdə yanaşdıqda, hesab edirəm ki, Səudiyyə Ərəbistanlnda yeni kralın siyasətində bir ənənə özünü göstərəcək. Müəyyən mənada liberalizm elementləri özünü göstərəcək, amma küll halında yanaşdıqda, ABŞ-ın müəyyən etdiyi xarici siyasət kursundan ciddi kənara çıxmalar ola bilməz. Dəyişikliklər kosmetik xarakter ala bilər”.