Yerli serialların ÖLÜ BAZARI – “Aktyorlarımız işıq pulunu ödəyə bilmirlərsə…” – Namiq Ağayev

Hər il Türkiyənin saysız-hesabsız istehsalçı şirkətləri çəkdiyi seriallarla reytinqləri üstələmək, bazarı tutmaq üçün sərmayə qoyur. Həmin serialları dünya bazarına çıxararaq milyardlarla gəlir əldə edirlər. Hətta elə seriallar var ki, bir neçə bölümü yaymlandıqdan sonra xarici ölkələrə satılır.

Azərbaycanda da seriallar çəkilir, amma serialları nəinki biznesə çevirə bilmişik, heç yerli bazar belə formalaşmayıb.

Yenicag.az-a danışan tanınmış rejissor Namiq Ağayev bunun səbəblərini açıqlayıb.

Rejissor Azərbaycanda serialların reklam bazarının olmaması üzündən öz “qazanımızda bişdiyimizi” bildirib:

“Serialların reklamdan bəhrələndiyini nəzərə alsaq, bizdə reklam yatırımı yoxdur. Serial çəkənlər itin zülmün çəkirlər. Min bir əziyyətlə tapdıqları cüzi maliyyənin müqabilində seriallar çəkirlər, eyni zamanda kəskin tənqidlərlə qarşılaşırlar. Amma serial sahəsində müəyyən bir irəliləyiş var. Kino industriyasının olmadığı bir dönəmdə işsiz qalan aktyorlar həmin seriallara çəkilir. Hətta yaşlı aktyorlara da rollar verilir ki, bu da müsbət haldır. İnsanlar yaradıcılıqdan uzaq düşmür, məşğuliyyətləri var”.

Rejissor müqayisə də edib:

“Türkiyədə ən çox pul qazanan ssenaristdir, bizdə isə əksinə. Bakı ilə İstanbulun həyat səviyyəsinin xərci eynidir, amma oradakılar bizimkilərdən 100 dəfə çox qonorar alır. Büdcəni daha çox reklamla müəyyənləşdirirlər. Bizdə isə reklam yatırımı çox azdır. Dövlətin ayırdığı simvolik sərmayə isə yetərli deyil. Təklif edərdim ki, qonorar çox yüksək olsun. Risklərin qarşısının alınması məqsədi ilə yüksək səviyyəli büdcə üçün tender elan edilsin. Sponsorlar yüksək sərmayə yatırmağa qorxurlarsa, tender elan edib nüfuzlu şirkətlə çalışmaq lazımdır.

Təsadüfü münasibətlərlə seriallar çəkilməsin. Belə olan halda qruplaşmalar yolu ilə süni şəkildə yerini bərkidənlər başqalarına da mane olmaz, intriqalara yol verilməz. Tender üsulu ilə yüksək səviyyədə ödəmələr edilməlidir, başqa çıxış yolu yoxdur”.

“Türk aktyorları üçün pul sel kimi gəlir”, – deyən rejissor bizdə aktyorların yaşamaq uğrunda mübarizə apardığını bildirib:

“Türk aktyorları ilə bizim aktyorların yaşam səviyyəsi arasında yerlə göy qədər fərq var. Seriala çəkilən türk aktyorunun villasına maşın göndərilir, bütün komfortu təmin olunur. Bizdəki kimi əlində çanta, metro, ya avtobusla tələm-tələsik setə qaçmır. Beynində də ancaq maddi problemlər, kredit, işıq, qaz, su pulunu vermək barədə düşünür”.

Cəvahir